“Napoli”ni Türkiyə klubuna dəyişdi

Türkiyənin “Ankaragücü” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Qalatasaray”dan Emre Kılınçla Taylan Antalyalını, “Rizəspor”dan Gökhan Akkanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onların üçü də 2022/23 mövsümünün sonuna kimi icarəyə götürülüb.

Emre Kılınç “Boluspor”un yetirməsidir. “Sivasspor”da da oynamış 28 yaşlı vinger 2020-ci ildən “Qalatasaray”da çıxış edirdi. Türkiyə millisinin də üzvü olan yarımmüdafiəçi İstanbul təmsilçisində 78 oyuna 9 qol vurub. O, millidə də 4 oyun keçirib.

Taylan Antalyalı 2019-cu ildən “Qalatasaray”ın uğurları üçün çalışır. 27 yaşlı yarımmüdafiəçi “sarı qırmızılar”ın heyətində 102 oyuna çıxıb, 2 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. “Busaspor”un yetirməsi olan futbolçu, “Gənclərbirliyi”, “Kayseri Ərciyəsspor”, “Hacettepe” və “Ərzurumspor”un da uğurları üçün çalışıb. O, Türkiyə millisində 7 oyun keçirib.

Gökhan Akkan isə “Ankaragücü”nün öz yetirməsidir. Paytaxt klubu 27 yaşlı qapıçını 2015-ci ildə “Rizəspor”a satmışdı. Vaxtilə “Ankaragücü”də 85 oyun keçirmiş futbolçu, Rizə təmsilçisində də 273 matça çıxıb. O, ötən il Türkiyənin əsas millisində də 1 oyun keçirib.

“Ankarücü” İtaliyanın “Napoli” klubundan Kevin Malkuini də transfer edib. Fransadan olan sağ cinah müdafiəçi A Seriyası klubu ilə yollarını ayırdığı üçün, Türkiyə təmsilçisinə azad agent kimi keçib. O, yeni klubu ilə 1 illik müqavilə bağlayıb. 31 yaşlı futbolçu 2018-ci ildən Neapol klubunun uğurları üçün çalışırdı. O, bu komandada keçirdiyi 4 mövsüm ərzində cəmi 48 matça çıxıb və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Peşəkar karyerasına “Monako”da başlamış fransız müdafiəçi, “Vann”, “Etual”, “Nyor”, “Sent Etyen” və “Lill” komandalarının da formasını geyinib. 2021-ci ildə isə Malkui, icarə əsasında “Fiorentina”da çıxış edib.

“Ankaragücü” gənc yarımmüdafiəçisi Ali Kaan Günereni də “Samsunspor”a icarəyə verib. 22 yaşlı futbolçunun müqaviləsində satınalma şərti də var. “Akhisarspor”un yetirməsi olan yarımmüdafiəçi, 2021-ci ildən paytaxt klubunda forma geyinirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button