“Fiziki hazırlıq məsələsi biabırçı məğlubiyyətlərdən yayınmaq üçün gündəmə atılmış “qarmaq”dır” – Tahir Süleymanov

Futbol üzrə Azərbaycan yığmasının məşqçisi Arif Əsədov yerli mətbuata açıqlamasında milli komandada çıxış edən futbolçular haqda fikir bildirib. O, oyunçuların fiziki durumunun aşağı olduğunu deyib. Eyni zamanda, Əsədov açıqlamasına “Yığmada fiziki durumu qaldırmaq mümkün deyil. Yalnız taktiki və psixoloji hazırlıq keçə bilirsən” sözlərini əlavə edib.

Məsələ ilə bağlı sabiq FİFA referesi, “Neftçi”nin keçmiş vitse-prezidenti Tahir Süleymanovun fikirlərini öyrəndik. O, Komanda.az-a açıqlamasında mövzunun çox geniş olduğunu bildirib:

“Böyük futbol komponentləri müzakirə olunursa, çox geniş mövzudur. Öncəliklə, xüsusilə vurğulayım ki, vaxtilə Arif Əsədov bizimlə bir yerdə “Neftçi”də çalışdığı üçün dəqiqliklə bildirirəm, baş məşqçi kimi intizama, futbolçuların hərtərəfli funksional hazırlığına yüksək diqqət edən, tələbkar mütəxəssislərdəndir. Futbolçu kimi də bu keyfiyyətlərə malik olub, yeniyetmə/gənclər arasında dünya çempionudur.

Ümumiyyətlə, son günlər bu məsələ çox müzakirə edilir. AFFA ideoloqlarının uzun illərdir sınaqdan keçirilmiş köhnə “taktiki gediş”lərindən biridir. Biabırçı məğlubiyyətlərdən yayınmaq üçün gündəmə atılmış “qarmaq”dır. Təəssüf ki, yığmanın qapısı toplarla dolduğu kimi, məqsədli “gedişlər”lə qapı toruna düşülür və futbol ictimaiyyəti arasında müzakirələrə yol açır. AFFA-ya da bu lazımdır, qəbuledilməz yenilgilər yaddan çıxsın, istiqamət dəyişsin…

Canni De Byazi İtaliyada istirahət edir, yığmanın əcnəbi məşqçi köməkçiləri susur, yerlilər isə bir-birlərini müzakirə edir, açıqlamaları cavablandırırlar”.

Süleymanov hazırda Azərbaycan Premyer Liqasının turnir cədvəlində müvafiq olaraq, 1-ci və 2-ci pillələrdə qərarlaşan “Qarabağ” və “Sabah” haqda danışıb:

“Futbolda mütləq kompleks tələblər var: fiziki, texniki, taktiki, psixoloji və s. önəmli amillər bir-birini tamamlamalıdır. Müasir futbol çox dəyişib, taktiki hazırlıq, futbolçuların ustalıq səviyyəsi ilə yanaşı, sürət, dözümlülük, psixoloji aspektlər önə çıxır. Artıq aparıcı futbol ölkələrində uşaqların akademiyalara qəbulu zamanı ümumi göstəriciləri ilə birgə sprint/sürət keyfiyyətləri yoxlanılır, xüsusi diqqət yetirilir. “Böyük 5-lik” ölkələri bir kənara, Niderland, Belçika, Danimarka çempionatlarında lider/autsayder, fərq etməz, bütün komandalar sürətli, dinamik futbola üstünlük verir, arxada “avtobus” qurmaq anlayışı qəbul edilmir. Oyunlarda sürət yüksək olduğu halda futbolçuların tez düşünmə qabiliyyəti, topla rəftarı, texniki imkanları da yerində olmalıdır. Əks halda, futbolçular tez yorulacaq, “brak”lar çoxalacaq, rəqib sonda üstün olacaq. “Qarabağ” avrokuboklarda, əsasən, son illər dəfələrlə birnəfəsə futbol nümayiş etdirib və rəqiblərə uyğun olaraq, oyunlarda yüksək tempi özü diqtə edib. Futbolçular hazır olmadan bunu etmək mümkünsüzdür. “Sabah”ın baş məşqçisi qeyd olunan komponentlərdə keçmiş komandası “Krasnodar”dan üstün olduqlarını, eyni zamanda ölkə çempionatında əksər komandaların qapalı oynadıqlarını vurğulayır.

Ümumiyyətlə, fiziki hazırlıqsızlıq mövzusu çoxdan köhnəlib. Azərbaycanda son 15 ildə Toşak, Dənizli, Syomin kimi tanınmış məşqçilər çalışıb. Bu məşqçilər zamanında TOP-klubları çalışdırıb və futbolçulardan tələblərin hansı səviyyədə olduqlarını gözəl bilirlər”.

Sabiq FİFA referisi AÇ-2024-ün seçmə mərhələsində Danimarka ilə qarşılaşan və hesabda geridə olmasına baxmayaraq, qələbə qazanan Qazaxıstan millisindən söz açıb (2:3):

“Yerli məşqçilərimiz çoxdandır müasir futbolun incəliklərinə bələddirlər və buna uyğun məşq prosesləri aparılır. Avropaya uyğun daha yüksək şərait və futbolçuların fərdi keyfiyyət məsələsi isə tam başqa mövzudur. Azərbaycan futbolunda bu tipli məsələlər müzakirə olunursa, gündəmdə bir mövzu olmalıdır: Ölkə futbolunda fiziki hazırlıq üzrə məşqçilər yox dərəcəsindədir və klubların çoxunda bu sahəyə cavabdehlər əcnəbi mütəxəssislərdir.

Yığmanın acınacaqlı məğlubiyyətlərinin səbəbi futbolçuların fiziki durumlarında deyil. Necə ki, yaxında Qazaxıstan üzərində böyükhesablı qələbə qazanan Azərbaycan məğlub olur, qonşularımız isə Danimarka ilə oyunda geridönüş edir. Arif Əsədov da sonrakı açıqlamasında düzgün başa düşülmədiyini bildirib. Bu tipli mövzulara daha həssas yanaşılmalıdır. Azərbaycan futbolunun problemləri daha dərin, stratejidir və AFFA-nın idarəçi mərtəbələrində gizlənib/gizlədilib”.

Tahir Süleymanov “Ümumiyyətlə, milli komandada fiziki hazırlıqla bağlı problem varmı” sualını belə cavablandırıb:

“Yığmada böyük ölçüdə fiziki hazırlıq anlayışı yoxdur, olmamalıdır. Məşqçilər futbolçuları izləyir. Ən güclülərin yolu millinin üzünə açıq olur. Yuxarıda qeyd etdiyim kimi, problem federasiya idarəçiliyindədir. Uzun illərdir futbolda milli, qalib ideologiyanın olmaması, şəxsi məqsədlər, məğlub psixologiya, təfəkkür, cəzasızlıq özbaşınalığı mövcud durumu şərtləndirib. Bir faktla sualınızı tamamlayaq: 2012-ci ildir, “Apoel”lə oyunumuza az vaxt qalıb. AFFA-dan xəbər gəldi ki, Berti Foqts “Neftçi”nin məşqçiləri ilə görüşmək istəyir. Başbilən “ideoloqlar”ın hiylələrini əzbər bildiyimiz üçün, klubda keçirilən görüşdə özüm də iştirak etdim. Alman məşqçi havadarlarının tapşırığı ilə sağdan-soldan həmlələr edir, futbolçuların fiziki durumunun bərbad vəziyyətdə olduğunu isbatlamağa çalışırdı. Diplomatik olaraq təkcə “Neftçi”də deyil, digər aparıcı komandalarda da eyni vəziyyətin olduğunu bildirirdi. Təklif etdim, gəlin bu məsələni ictimailəşdirək, yığma futbolçularının hansı vəziyyətdə olduqlarını rəsmi olaraq hər kəs bilsin. Niyyət fərqli olduğu üçün etik normalara uyğun “olmaz” cavabı eşidildi. Berti Foqtsa avrokuboklar öncəsi kluba təşrif buyurub dəstək vermək əvəzinə, “fizika”dan dəm vurmasının etik normalara uyğun gəlmədiyinin kubu olduğunu bildirdim. Beş gün sonra “Neftçi” Kiprdə 3-5 ay öncə UEFA Çempionlar Liqasının 1/4 finalında “Real”la qarşılaşmış komandanın qapısından üç top keçirərək, tarixi qələbə ilə Bakıya döndü!

Azərbaycan futbolunda yayındırıcı “fizika”lar, digər məsələlər müzakirə edilməməlidir, futbolu dağıdanların AFFA-dan nə vaxt yola salınacağı davamlı olaraq gündəm mövzusu olmalı, çıxış yolları axtarılmalıdır. Avropa səfərlərinə sevə-sevə gedən AFFA məmurları geri qayıtdıqdan sonra futbol problemlərini ictimaiyyət qarşısında, debatlarda müzakirə etməkdən müxtəlif bəhanələrlə yayınır, problemlər “sabaha saxlanılır”. Belə yayındırıcı yanaşmalarla ölkə futbolu hələ çox “mina”lara düşəcək!”

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button