“Azərbaycan kubokunu qazanmaq istəyirik” – Bezerra

“Neftçi”nin hücumçusu Tyaqo Bezerra klubun rəsmi saytına müsahibə verib.

Komanda.az xəbər verir ki, ad günü və qollarla bağlı sualları cavablandıran braziliyalı futbolçu azarkeşlərə səslənib:

  • Tyaqo, doğum günün mübarək! Bu sənin Azərbaycanda keçirəcəyin ilk ad günüdür. Bu günü necə qeyd edəcəksən?
  • Çox təşəkkür edirəm! Bəli, doğum günümü Azərbaycanda ilk dəfə qeyd edəcəyəm. Təbii ki, bizim üçün önəmli gündür. Çox şükür, sağlam, xoşbəxt, ailəm də yanımda olmaqla daha bir ili geridə qoyuram.
  • “Neftçi”nin heyətində meydana çıxdığın 12 rəsmi oyunda 4 qola imza atmısan. Sonuncu dəfə ötən il noyabrın 6-da fərqlənmisən. Gec-gec qol vurmağının səbəbi nədir?
  • Əlbəttə, bu mənim üçün aşağı göstəricidir. Daha çox qol vurmalıyam. Bununla belə, burada xoşbəxtəm. Hər oyunda qol vurmaq istəyirəm və buna çalışıram. Çoxdandır fərqlənmədiyimə görə narahatam. Yaxşı başa düşürəm iki, hücumçuyam və vəzifəm qol vurmaqdır, amma çox inanıram ki, yaxın zamanlarda çətin günlər geridə qalacaq və qollar, qələbələr ard-arda gələcək.
  • Azərbaycan kubokunda yarımfinala vəsiqə qazandız, qarşıdan isə “Keşlə” ilə çempionat matçı gəlir. Bu komanda ilə sonuncu oyunda 3:2 hesabı ilə məğlub olsaz da, dubla imza atmışdın. Necə düşünürsən, bu rəqibi yenə məyus edə biləcəksən?
  • Yarımfinala yüksəldiyimiz üçün əhval-ruhiyyəmiz çox yaxşıdır. “Keşlə” ilə matça gəldikdə, çox vacib oyundur. Rəqibə hörmətlə yanaşırıq, amma qələbə qazanıb ilk “üçlük”dəki komandalarla xal fərqini azaltmalıyıq. 2:0 hesabı ilə öndə olmağımıza rəğmən 3:2 hesablı məğlubiyyəti unutmamışıq. Revanş almaq üçün yaxşı şans olacaq. Əlbəttə, hər oyunda qol vurmaq istəyirəm. Məşqçinin seçiminə hörmətlə yanaşıram. Mənə şans verilsə, özümü ən yaxşı tərəfdən göstərib, qol vurmağa çalışacağam.
  • “Neftçi” azarkeşlərinə sözün varmı?
  • Təəssüf ki, bəzən azarkeşlərin ümidlərini doğrulda bilmirik. Bu mövsüm Azərbaycan Kubokunu qazanmaq istəyirik. Neçə ildən sonra ilk dəfə yarımfinala adlamışıq. Buna görə çox şadıq. İnanıram ki, tezliklə tamamilə fərqli “Neftçi” görəcəyik.
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button