“Qarabağ” indiyədək hər oyuna maksimum məsuliyyətlə yanaşıb” – AÇIQLAMA

Dünya çempionatının həyəcanı futbol gündəmini zəbt etsə də, Azərbaycan azarkeşlərinin diqqəti bu günlərdə həm də ölkə təmsilçilərinin avrokuboklardakı çıxışına yönəlib. Yeni mövsümdə Avropa macərasına “Sabah”, “Zirə”, “Qarabağ” və “Neftçi” atılıb. İlk iki təmsilçimiz artıq meydanda sözünü deyib və nikbinlik yaradan nəticələr qazanıb.

Püşk təmsilçilərimizin ilk sınaqlarını doğma meydana saldı. Bu üstünlükdən maksimum yararlanmağı bacaran “Sabah” UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Uelsin TNS komandasını 2:0 hesabı ilə məğlub etdi. Ardınca isə transfer çalışmalarına və hazırlığa gec başlamasına baxmayaraq, Rəşad Sadıqovun rəhbərlik etdiyi “Zirə” Konfrans Liqasının eyni mərhələsində Gürcüstan “Torpedo”sunu 3:0 hesabı ilə üstələyərək, cavab görüşü öncəsi ciddi üstünlük qazandı.

İndi isə növbə Azərbaycan futbolunun son illərdə Avropadakı əsas simasına – “Qarabağ”a çatıb. Ağdam təmsilçisi bu gün UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk matçında İslandiyanın “Vestri” komandasını qəbul edəcək və həm ölkə futbolunun uğurlu startını davam etdirməyə, həm də azarkeşlərin gözləntilərini doğrultmağa çalışacaq.

Geridə qalan iki qarşılaşmanı və “Qarabağ”ın bu axşamkı sınağını dəyərləndirməsi üçün AFFA Məşqçilər Komitəsinin sədri, Azərbaycan millisinin sabiq baş məşqçisi Vaqif Sadıqovun fikirlərini öyrəndik.

Sadıqovun Komanda.az-a açıqlamasını təqdim edirik:

“Azərbaycan klublarından gözləntilərimiz hər zaman böyük olur. Sevindirici haldır ki, avrokuboklara uğurlu başlanğıc etmişik. “Sabah” ilk dəfə ölkə çempionu kimi Çempionlar Liqasında debüt etdi və inamlı oyun sərgilədi. Düzdür, bəlkə də, çoxumuz daha böyük hesablı qələbə gözləyirdik. Ancaq futbol tələskənliyi sevmir. Komandanın bu mərhələni keçmək üçün kifayət qədər yaxşı imkanları var. İnanıram ki, oyunlar artdıqca kollektiv daha da güclənəcək, təkmilləşəcək və həm nəticələri, həm də oyunu ilə azarkeşlərini sevindirəcək.

“Zirə” haqqında son günlər çox danışılırdı. Rəqib futbol ənənələri olan Gürcüstanı təmsil edirdi, əcnəbi baş məşqçisi və iddialı hədəfləri var idi. Amma “Zirə” meydanda xarakter nümayiş etdirdi, rəqibindən üstün futbol oynadı və tam haqq etdiyi möhtəşəm qələbəni qazandı. Komanda həm müdafiədə çox etibarlı təsir bağışladı, həm də sürətli və kəsərli hücumları ilə rəqib müdafiəsini dəfələrlə çətin vəziyyətə saldı. Bu qələbə hamımızı sevindirdi. Ancaq futbolda arxayınlaşmaq olmaz. Cavab matçı Gürcüstanda keçiriləcək və “Zirə” həmin oyuna da ilk matçdakı qədər ciddi yanaşmalıdır. İnanıram ki, bunu bacarıb növbəti mərhələyə yüksələcək.

Bu gün isə “Qarabağ” yeni mövsümdə ilk rəsmi oyununa çıxacaq. Komandada müəyyən yenilənmə gedib, gələcəyə hesablanmış heyət formalaşdırılır. Arzu edirəm ki, ilk addımları uğurlu və düşərli olsun. “Qarabağ” indiyədək hər oyuna maksimum məsuliyyətlə yanaşıb və meydanda bütün gücünü ortaya qoyub. Düşünürəm ki, bu dəfə də belə olacaq. İnanıram ki, “Qarabağ” azarkeşlərini ilk oyundanca sevindirəcək, Avropada yenə uzun yol qət edəcək və bizə yeni uğurlar, yeni qürur dolu anlar yaşadacaq”.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button