
“Biz hər şeyi Konfrans Liqasına uyğun qurmuşduq” – “Turan Tovuz” rəsmisi
“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 2025/26 mövsümünü turnir cədvəlinin 3-cü pilləsində tamamlayaraq, UEFA Konfrans Liqasına vəsiqə qazandı. Avropada iştirakı nəzərə alan bölgə təmsilçisi yeni mövsümün hazırlıqlarına erkən start verdi. Belə ki, komanda bu səbəbdən, iyunun 14-dən təlim-məşq toplanışı üçün Türkiyəyə yollandı. Ancaq UEFA-nın “Turan Tovuz”u Konfrans Liqasından uzaqlaşdırmaq qərarından sonra xəbər yayıldı ki, bölgə təmsilçisi Türkiyədəki təlim-məşq toplanışını yarımçıq saxlayıb.
“Turan Tovuz”un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev Komanda.az saytına verdiyi açıqlamada, Türkiyədə start verdikləri təlim-məşq toplanışının erkən başa çatmasını belə əsaslandırdı:
“Toplanışı yarımçıq saxlamamışıq. Çempionatın başlamasına hələ çox var. Biz hər şeyi Konfrans Liqasına uyğun qurmuşduq. Bu, toplanışı yarımçıq qoymaq demək deyil. İki ay təlim-məşq toplanışı çempionata hazırlıq baxımından çox uzun müddətdir. Ona görə də, komanda istirahətə buraxılıb. Yaxın günlərdə rəsmi olaraq təlim-məşq toplanışının növbəti mərhələləri barədə detallı məlumat veriləcək”.
UEFA Konfrans Liqasında “Turan Tovuz”u “Zirə” əvəzləyib.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



