“Bayer”in ilk məğlubiyyəti Bakıda olacaq? – TƏHLİL

Bu gün həmin o böyük günlərdən növbətisidir. “Qarabağ” Azərbaycan futbolunun səviyəsinə, ənənələrinə, vərdişlərinə və potensialına zidd gedib və gəlib çıxıb Avropa Liqasının 1/8 finalına. Elə bir mərhələyə ki, özündən başqa qalan bütün 15 klubun Avropada adı çəkiləndə sıravi futbol azarkeşinin təxəyyülündə nəsə canlana bilir. Yəni, hər biri bir futbol markasıdır.

Bəlkə də, bu anlamda “Qarabağ” da artıq növbəti səviyyəyə qədəm qoyub, biz dərk etmirik. Xabi Alonso kimi bir mütəxəssis “Tipik “Qarabağ” performansı” ifadəsini boşuna işlətməzdi ki…

Bu oyunda və ya bu turdan nə gözləyək?

Hansı “kitab”ı açsan, hansı meyarı qurcalasan, hansı mütəxəssisdən soruşsan, yəqin ki, mərhələni keçmək şansımız 10 faiz civarındadır. Bu gün ölkəsinin nəhəngi “Bayern” belə leverkuzenlilər qarşısında əlacsızdır. 0:3 hesabı ilə uduzdular son oyunda. Hazırda “Bayer”lə üz-üzə gələrsə, aşkar favorit olacaq klub heç bütün qitədə yoxdur. Yəni bu 10 faiz özü də bir dəyərdir.

Bu situasiyaya görə növbəti səfərimizin məhz Leverkuzenə olması ölkədə məyusluq yaratdı. Mən isə “Bayer”lə oyunların “Qarabağ”ın daha da böyüməsi üçün gözəl fürsət olduğuna inanıram. Və bu situasiyanın oyunçuların üzərindəki təzyiqi azaltdığını demək olar. “Qarabağ” isə təzyiq azaldıqca öz oyununu daha gözəl göstərir.

Oyun planında baxanda mövsümün ən formada olan komandası üçün sadəcə sürət və səviyyə fərqi bəs edər ki, bizi üstələsinlər. Ancaq bu, ağıllı rəqiblə oyunda yetərli olmur və inanıram ki, olmayacaq.

“Qarabağ” əslində özündən xeyli zəif olan “Neftçi”yə şərait yaratdı ki, bəzi məqamlarda təzyiq yaratsınlar. Geriyə sıxılıb müdafiədə mövqe oyunu oynadılar və əks-hücumu gözlədilər. Belə əks-hücumlardan ikisini isə dərsliklərə daxil ediləcək qədər sərrastlıqla yerinə yetirib iki qol vurdular. Bu, sanki “Bayer”lə oyuna hazırlıq kimi idi. “Qarabağ” göstərdi ki, bunları bacarır.

Şəxsən, “Bayer”in 90 dəqiqə təzyiq quracağına inanmıram. Məntiqlə 0:0 hesabı hazırda hər iki tərəfi qane edər. “Qarabağ” oyunun intriqasını Leverkuzenə daşıyar, “Bayer” isə evə sərfəli hesabla qayıtmış olar.

Amma “Bayer”in bir neçə dəfə axın etməsini gözləmək olar. “Qarabağ” isə bunları əks-hücum imkanı kimi dəyərləndirməlidir.

Leandro-Zubir-Benzia-Juninyo kvarteti bu dəfə Toral Bayramov kimi sürətli və qol duyumu yüksək dəstəyə sahib olacaq. Görək, “Neftçi” ilə oyunda etdiklərini alındıra biləcəklərmi?

Məntiqlə, “Qarabağ” 90 dəqiqə çox qaçıb, səbr edib, səhv buraxmayıb belə epizodları gözləyə bilər və ən məntiqli strategiya kimi hazırda bu görünür. “Bayer”in müdafiə 3-lüsü və onların önündə oynayan Caka ilə Andrix mövqe oyununda kəskin və təhlükəli olsalar da, ləngdirlər. Belə situasiyalar onların “yumşaq qarnı”dır. Görək, oradan zərbə vura biləcəyik, ya yox?

Bu mərhələyə qədər gəldik çıxdıq. Mənə maraqlıdır, görəsən, bu, bizim bu mövsümkü nağılımızın harasıdır? Bizə möcüzə kimi görünən bu nəticə sondurmu? Yoxsa, “Qarabağ” qərargahı söhbətləri kənardan müşahidə edib deyir: “Bu hələ harasıdır?!”

P.S. Biz də deyirik ki, “Azərbaycanın futbol azarkeşi məğlubedilməz ”Bayer”in seriyasının Bakıda dayandırılmasına hazırdır!”

Vüsal “Aydın” Qəmbərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button