
“Sabah”ın müdafiəçisi: “Qol vurmaq hər zaman xoşdur” – MÜSAHİBƏ
“Sabah” Azərbaycan Premyer Liqasının 24-cü turunda “İmişli”ni 5:0 hesabı ilə məğlub etdi.
Oyundan sonra “bayquşlar”ın fransalı müdafiəçisi Stiv Solvet Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
– Komandanız hazırda Premyer Liqada liderdir və ən yaxın izləyici “Qarabağ”ı 7 xal qabaqlayır. Mövsümün bu mərhələsində belə üstünlüyü qorumaq çətin olmayacaq?
– Düzü, hazırda komanda olaraq turnir cədvəlinə, aradakı xal fərqinə yox, oyunlarımıza köklənmişik. Bu gün komandanın hər bir üzvü bütün oyunların çox vacib olduğunu dərk edir. Buna görə, hər oyunumuza maksimum ciddi hazırlaşır, başqa nə iləsə bağlı düşünmürük.
– Komanda “İmişli” ilə oyunda 5:0 hesablı rahat qələbə qazandı. Bu oyunla bağlı təəssüratların necədir?
– Biz hər oyuna eyni məqsədlə çıxırıq – diqqətimizi özümüzə yönəltmək və komanda olaraq irəliləməyə davam etmək. Komanda güclü kollektiv performans göstərdi və layiqli qələbə qazandı. Ancaq bu oyun artıq geridə qalıb. İndi əsas olan müsbət dinamikanı qoruyub saxlamaq və növbəti oyunlarımızdan da müsbət nəticə ilə ayrılmaqdır.
– Oyunda komandanın qələbəsinə bir qolla töhfə verdin. Bu, cari mövsümdə 4-cü qolundur. Mərkəz müdafiəçisi üçün bu çox yaxşı göstəricidir. Bununla bağlı nə deyə bilərsən?
– Bir müdafiəçi kimi əsasən standart vəziyyətlərdə fərqlənmə şansı əldə edirəm. Özüm xüsusi hazırlaşmıram. Amma məşqlərdə standart vəziyyətlərin üzərində mütəmadi olaraq çalışırıq. Mən də imkan olduqca bu cür anlarda fərqlənərək komandama kömək etməyə çalışıram. İndiyə qədər bu, yaxşı nəticə verir. Bu istiqamətdə köməyim dəydiyinə görə şadam. Qol vurmaq hər zaman xoşdur. Amma əsas olan komandanın qələbəsidir.
– Hazırda həm Premyer Liqada liderlik edirsiz, həm də ölkə kubokunun yarımfinalına yüksəlmisiz. İki “cəbhə”də mübarizə aparmaq komanda üçün çətin deyil?
– Məncə, iki turnirdə də mübarizəni davam etdirməyimiz komanda üçün çox müsbət haldır. Bu, mövsümün əvvəlindən etibarən futbolçuların və məşqçi heyətinin gördüyü ağır zəhmətin nəticəsidir. Əlbəttə, hər iki turnirdə iştirak qrafikdə sıxlıq yaradır, amma biz buna uyğun məşq prosesi keçirik. Bu baxımdan, hər hansı çətinlik olduğunu deməzdim. Buna ancaq sevinmək olar.
– Azərbaycan Premyer Liqasının ümumi səviyyəsi barədə fikirlərin necədir?
– Fikrimcə, Azərbaycan Premyer Liqası keyfiyyət və rəqabət baxımından inkişaf edir. Liqada hər bir oyun həm çətin, həm də maraqlı keçir. Bu baxımdan, çempionatın səviyyəsini müsbət dəyərləndirərdim.
– Daha əvvəl də müxtəlif ölkələrdə çıxış etmisən. Azərbaycan çempionatı əvvəl oynadığın liqalarla müqayisədə necə görünür?
– Hər çempionatın özünəməxsus xüsusiyyətləri olur. Buna görə, hansısa müqayisə etməkdə çətinlik çəkirəm. Ancaq bayaq da qeyd etdiyim kimi, Azərbaycan çempionatının səviyyəsinin yaxşı olduğunu deyə bilərəm.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



