Azərbaycan cüdoçusu Olimpiadaya lisenziya qazandı

Azərbaycan cüdoçusu Murad Fətiyev Rusiyanın Kazan şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.

Komanda.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançımız medal uğrunda Belarus təmsilçisi Yunus Bekmurzayevla qarşılaşıb.

Rəqibinə cərimə xalı ilə qalib gələn Fətiyev fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Aktivinə daha 500 xal yazdıran cüdoçu Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı tam olaraq təmin edib.

Qeyd edək ki, bu Azərbaycanın Böyük Dəbilqədə ilk medalıdır. Daha əvvəl kişilərdən Davud Məmmədsoy (60 kq), Elçin Hüseynov (66 kq), Rəşad Məmmədəliyev, Nurlan Osmanov (hər ikisi 73 kq), Hidayət Heydərov (81 kq), qadınlardan isə Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq) və Gültac Məmmədəliyeva (52 kq) yarışı medalsız bitiriblər.

Böyük Dəbilqəyə mayın 7-də yekun vurulacaq. Yarışda 79 ölkədən 244 kişi və 164 qadın olmaqla, ümumilikdə 408 cüdoçu qüvvəsini sınayır.