“Azərbaycan çempionatı Kiprdən aşağı səviyyədədir” – Müsahibə
“Zirə”nin futbolçusu Anastasios Papazoqlu Yunanıstan mətbuatına müsahibə verib.
Komanda.az “fosonline.gr” saytına istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi, koronavirusla bağlı Azərbaycanda yaranan vəziyyət haqda danışıb:
- Azərbaycanda koronavirusla bağlı vəziyyət necədir?
- Yunanıstanla müqayisədə burada vəziyyət daha sakitdir. Ən azı rəsmi rəqəmlərə baxanda belə demək olur. Ancaq həqiqətin necə olduğunu bilmirik.
- Bakıda və digər şəhərlərdə məhdudlaşdırıcı tədbirlər görülməyib?
- Yunanıstanda və digər ölkələrdəki kimi, ictimai nəqliyyatda məhdudiyyət yoxdur, amma tədbirlər görülür. Bütün kafe və restoranlar bağlıdır. Yunanıstanda olduğu kimi, yalnız banklar, apteklər və supermarketlər açıqdır. Təxminən 15 gündür məhdudlaşdırıcı tədbirlər görülüb, vəziyyət ciddi nəzarət altına alınıb.
- Azərbaycanla qonşu olan İranda vəziyyət ciddi idi. Azərbaycan əvvəlcədən hərəkətə keçdimi?
- Demək olar bütün yoluxanlar İrandan gəldi. Artıq bir neçə gündən sonra hərəkətə keçdilər. Ancaq həqiqətən virusa yoluxanların sayını dəqiq bilmirəm. Həqiqəti deyib-demədiklərini bilmirəm.
- Başa düşdüyüm qədəriylə, uzun müddət həyat normal davam edirdi. İndi necə, gərgindirmi?
- Durumun ciddiliyi başa düşülür. Tikinti işləri azaldılıb. Bakı çox inkişaf etmiş şəhərdir, günün 24 saatını işləyirlər. Tikinti heç vaxt dayanmır. Daim göydələnlər ucaldılır. Amma son vaxtlar işlər əvvəlki sürəti ilə aparılmır.
- Bakı necə şəhərdir?
- Çox zəngin şəhərdir. Dediyim kimi, göydələnləri ucaldırlar. Bakıda Dubayla eyni işləri görmək niyyətindədirlər. Belə perspektiv var və bu hədəfləridir. Həqiqətən də, çox gözəl şəhərdir, görməyə dəyər. Əlbəttə, zənginlərlə yanaşı, kasıblar da var. Hər şeyi edə biləcək potensialda şəhərdir.
- Belə bir şəhərdə insanlar futbolla niyə az maraqlanırlar, stadionlar dolurmu?
- Futbol burada 2-3-cü dərəcəlidir. Əla bazalar və stadionlar var, amma onlar idmana daxil olmurlar. Çempionatda cəmi 8 komanda var. Şirkətlər və işlərlə daha çox maraqlanırlar, futbola vaxtları yoxdur. Burada komandalar da şirkətlərə məxsusdur. Klubu olan prezident yoxdur, hamısı şirkətlərindir. Bu şirkətlər də futbola o qədər bağlı deyillər. Çox pul yatırırlar, yaxşı futbolçuların gəlməsi üçün böyük müqavilələr imzalayırlar. Amma yenə də insanlar futbola böyük önəm vermirlər.
- Hazırda dayandırılan Premyer Liqanın səviyyəsi necədir?
- Bəli, martın 12-dən dayandırılıb. Nə zaman bərpa ediləcəyini və bitəcəyini bilmirik. Azərbaycan çempionatı Kiprdən aşağı səviyyədədir. Orada da oynadığım üçün müqayisə apara bilərəm. Çox güclü bir komandaları var – “Qarabağ”. Hər il Çempionlar Liqasında iştirak edir. Biz də avrokuboklara iddia edirik, amma çempionat hazırda dayandırılıb. Necə olacağını da bilmirik.
- Necə oldu ki, karyeranızı Azərbaycanda davam etdirmək qərarına gəldiz?
- Karyeramda fərqli bir şey axtarırdım. Dəyişiklik etmək, özümü fərqli çempionatda sınamaq istədim. Bu fürsət düşdüyü zaman da boşa çıxmasına imkan vermədim.
- Azərbaycandan təklif alan kimi, müsbət cavablandırdız?
- Həqiqət budur ki, ilk işim ölkənin harada yerləşdiyini, hansı ölkələrlə həmsərhəd olduğunu görmək üçün xəritəyə baxmaq idi. Bu barədə düşündüm, həyat yoldaşımla müzakirə apardım və karyeramda dəyişikliyə “hə” deməyə qərar verdim.
- Mövsümün sonunda müqavilə müddətiniz başa çatır?
- Bəli. Mövsüm yaxşı nəticələnsə, sonrasına baxacağıq. Bundan sonra nə edəcəyimə qərar verəcəyəm. Burada müqavilələr bütün Avropadakı kimi iyunda deyil, mayın sonunda başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin