“Zirə” baxımlı oynamağımıza imkan vermədi” – Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 23-cü turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Çox gərgin oyun oldu. Bərabərəlik də pis nəticə olmazdı. Oyun ona gedirdi. Qol imkanlarımız çox olmadı. Rəqib bizə qarşı çox yaxşı hazırlaşmışdı. Bütün oyunçuları diqqətli və düzgün analiz etmişdilər. O qədər də baxımlı oynamağımıza imkan vermədilər. Mübarizədən xoşum gəldi. Futbolçularım sona qədər mübarizə apardılar. Durmadılar. Çox vacib üç xal qazandıq. Rəşad Sadıqova uğurlar arzu edirəm.
Yeni transferlər start heyətdə meydana çıxmışdılar. Onlardan razı qaldım. Amma öz optimal formalarından uzaqdırlar. Qarşıdakı matçlarda oynayacaqlar. Vaxt lazımdır.
Musa daha az oynayanlardan idi. Bu gün sona kimi oynatmadım. Matçın gedişatına görə belə addım atdıq. Ramil çox yorulmuşdu. Hücumçu kimi Musanı oynatmağa məcbur idik. Onun “Gent”lə oyundakı iştirakına hələ qərar verməmişik. Qarşıda bir neçə günümüz var. Qərar verəcəyik”.
Qurbanov “Sauthempton”un baş məşqçi vəzifəsini müvəqqəti icra edən Ruben Sellesin Britaniya mətbuatına müsahibəsində onun haqqında danışmasına da münasibət bildirib: “Çox da dərinə getmək istəmirəm. Ona təşəkkür edirəm ki, burada ümumi işimizi dəyərləndirib. Mən tək deyildim, burada birlikdə idik. Müzakirələrimiz olurdu. Futbolçuların fiziki durumunu yaxşı səviyyəyə gətirib çıxarmağı düşünürdük. Mənim üçün xoşdu. Özümə görə yox, “Qarabağ” və Azərbaycanın adının çəkilməsinə görə şadam. Hazırda İngiltərədə baş məşqçi funksiyasını yerinə yetirir. Ona uğurlar arzulayıram. Özüm haqda heç düşünmürəm. Azərbaycan və “Qarabağ” haqda suallar səslənməsinə sevindim”.
Bizi Facebook-da izləyin