“Yunanıstandakı hesab bizi aldatmalı deyil” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Yunanıstan “Olimpiakos”una qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü tur oyunundan əvvəl mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, baş məşqçi, Yunanıstan komandasının qələbə qazanmaq üçün çox istəkli olduğunu bildirib:

“Rəqibə düzgün yanaşmalıyıq. Həddindən artıq istəklidirlər. Bu oyuna son şans kimi baxırlar. Qarşılaşmaya ciddi hazırlaşıblar”.

Qurbanov son günlərdə komandasında yorğunluğun olduğunu deyib:

  • Futbolçuların özlərinə gələcəklərinə və sabahkı görüşə tam hazır olacaqlarına inanıram. Yunanıstandakı hesab bizi aldatmalı deyil. Orada səhvlərimiz də çox olub. Matça sonradan baxanda buna əmin oldum. Çalışacağıq ki, mübarizə aparaq və ən yaxşı oyunlarımızdan birini keçirək.
  • Son oyunlarda komanda ilk hissəni heç-heçə bitirir, fasilədən sonra qollar vurur. Bunun səbəbi nədir?
  • Xüsusi səbəb deyə bilmərəm. Ümumən, hər bir rəqib bizə ilk hissədə daha ciddi müqavimət göstərir. İkinci yarıda ola bilsin, oyun intizamını qoruya bilmirlər. “Qəbələ” ilə matçda çox çətinlik çəkdik. Futbolda rast gəldiyimiz hallardandır. Bəzən oyunun gözəlliyi son dəqiqə qollarıdır. Əvvəllər elə olurdu ki, ilk hissədə qollar vururduq. İkinci hissədə qol daha çox olanda daha inamlı oluruq. Bu, hazırlığın yüksək səviyyədə olduğunu göstərir. 90 dəqiqə nizam-intizamı qorumağa çalışırıq.
  • Ramil Şeydayevin “Olimpiakos”a vurduğu qoldan sonra sevinciniz müzakirə olundu. Bu, məhz onun fərqlənməsi ilə bağlı idi, yoxsa artıq matçın telyinin həll olunduğunu düşünürdüz?
  • Sırf Ramilin qolunun sevinci idi. Heç vaxt 8-10 dəqiqə qalmış 2-3 qolluq fərqə tam arxayın olmamışam. Bəzi oyunçuların zəhmətinə görə çox sevinirəm.
  • Avropada ardıcıl iki qələbə bizim üçün yaddır. Həyəcan, gərginlik varmı?
  • Müəyyən səviyyəyə çatmaq asandır, orada qalmaq çətin. Qalibiyyətlərimiz gözlənti və tələbləri çoxaldır. Bu, gərginlik və həyəcan yaradır. Məğlub olmaqdan qorxmuruq. Hər matçda oyunumuzu yaxşılaşdırmalıyıq. Belədə, qalibiyyətlərimiz çox olacaq. Bizə inamı itirməməyə çalışırıq. Bu, asan deyil. Meydanda tək biz olmuruq, qarşı tərəf düşünmədiyimiz şeylər hazırlayır. Gərginlik olur. Son vaxtlar ümumiyyətlə, bunlara alışmışıq. Biz yenə də işimizi davam etdiririk. Qələbə üçün ən yaxşısını etməyə çalışırıq. Azarkeşlərimizin inamını qazanmağa çalışırıq.

Oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:45-də başlayacaq.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button