“Yaxşı komandamız var, amma istədiyimiz formada deyilik” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:2 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Yaxşı və maraqlı oyun oldu. Məğlub olacaqdıqsa da, istəmirdik oyun bitsin. Son saniyələrdə hesabı bərabərləşdirib, bir xal qazandıq. Çempionatın asan olmayacağını ilk turdan hiss etmişdik. Sona kimi mübarizə aparmağımız məni qane etdi. Oktyabrın 1-də “Legiya” ilə vacib oyuna çıxacağıq.
  • Heç-heçə sizi qane etdi?
  • Gedişata görə, bəli. 2-3 dəqiqənin içində 2 qol buraxdıq. Hər qazanılan xaldan razı qalmışam.
  • Buraxılan hər iki qol cinahdan gələn topdan sonra oldu. “Legiya” da belə oyun tərziylə çıxış edir və cinahdan təhlükəli hücumlar edir.
  • Demək olar ki, əks-hücumlardan qol buraxdıq. “Sumqayıt”ın oyun tərzi də elədir ki, ümumilikdə cinahlardan oynayırlar. Hər şey zərgər dəqiqliyi ilə yerinə yetirildi. “Legiya”nın oyununu hələ tam təhlil etməmişəm. Məşqçiləri dəyişib və fərqli fəlsəfələri var. Həddən artıq aqressiv komandadır. Topu özümüzdə saxlamalıyıq ki, hücumlarının kəsərini azaldaq.
  • Musa Qurbanlının oyuna daxil olmasını əvvəlcədən planlaşdırmışdız?
  • Xeyr, əvvəlcədən planda yox idi. Oyunun gedişatını bilmirdik. Musanı oyunun gedişatına görə meydana buraxdım.
  • Zədəlilərin durumu nə yerdədir?
  • Sual altındadır, tam bilinmir. Romero hələ komandaya tam qoşulmayıb. İki günə tam qoşulacaq. Onun “Legiya” ilə oyun üçün 90 dəqiqə hazır olacağını düşünmürəm. Zubir və Mahirin durumu ondan bir az yaxşıdır. Ümumilikdə isə heç biri tam hazır olmayacaq.
  • Komanda artıq 4 oyundur qələbə qazana bilmir. Bu, bir enişdir?
  • Belə seriyanı hamımız eniş adlandırırıq. Desəm ki, rəqiblər bizi tam üstələyir, yalan demiş olaram. Avroliqa oyunları da olanda, çempionata tam hazırlaşmaq asan olmur. Komanda sona kimi mübarizə apara bildi, sadəcə, belə komandalara qarşı sürəti aşağı salmayasan. Çempionat yeni başlayıb, heç də asan olmayacaq.
  • Uroş Matiçin oyunu sizi qane edir?
  • Maksimum çalışır ki, verilən tapşırıqları yerinə yetirsin. Onun komandaya uyğunlaşması üçün vaxt lazımdır. Oyunundan razıyam. Hamımız istəyirik ki, hücumda daha aktiv olsun. Çempionatda rəqiblər bizimlə oyunda daha çox müdafiə olunur. Belə hallarda ustalıq səviyyəsi yuxarı olan futbolçulara daha çox ehtiyac yaranır. Hücum xəttimizdə olan itkilər bizə bir az problem yaradır.
  • Yeni futbolçu transferi ola bilər?
  • Xeyr, düşünmürəm. Alınma ehtimalı çox azdır.
  • Son 7 ildə “Qarabağ”ın mövsümə belə zəif başlaması yadıma gəlmir. Belə bir situasiyanı nəylə bağlayırsız?
  • Nüanslar çoxdur, yəni, əvvəlcə elə pandemiyadan başlamaq lazımdır. Komandada həddindən artıq çox dəyişiklik oldu. Düzdür, vaxtilə 2-ci heyətlə də çempionatda qələbə qazanmışıq. Amma son zamanlarda bizim 2-ci heyətimiz də əsas heyətlə eyni səviyyədə olurdu. Hər il eyni səviyyədə mövsümə başlamaq çətindir. Nə vaxtsa problemlərimiz olmalıdır və bunu böyük klublarda da görürük. Biz yenə də çalışırıq ki, səviyyəmizi qoruyaq. Çempionatdakı komandalar da artıq bir-birini yaxşı tanıyır. Çalışırıq ki, işimizi düzgün və səbrlə edək. Ola bilər ki, nəticə olmasın, hər şey ola bilər. Amma əsas olan nəticənin necə olacağıdır.
  • İsmayıl İbrahimli oyuna sanki yaxşı başlamadı…
  • Xeyr, belə düşünmürəm. Bu oyuna çıxmaq İsmayıl üçün elə də asan deyildi.
  • İstədiyiniz futbolçuları gətirə bilmədiyiniz üçün heyədə problemlər yaranıb?
  • Fərqli fikirlər söyləyə bilərəm. Biz sponsorlarımızı, klubu da nəzərə almalıyıq. Sabah necə olacaq bilmirik – çempionat dayanacaqmı, davam edəcəkmi? Risklər böyükdür, bizim 3-4 perspektivli futbolçumuz var, onlara da şans vermək istəyirik. Onların təcrübələrinin artması mənim üçün çox vacibdir. Məncə, yaxşı komandamız var və yaxşı nəticə əldə edə bilərik. Sadəcə, hələ istədiyimiz idman formasında deyilik.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button