“Xaricdə komanda çalışdırmaq fikrim yoxdur” – Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 34-cü turunun “Səbail”lə oyunundan sonra (3:0) danışıb.
Komanda.az xəbər verir ki, o, oyundan sonra baş tutan mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:
“Futbolçularımı təbrik edirəm. Onlar bu il çox əziyyət çəkdilər. Sıx qrafikimiz oldu. Hər şey düşündüyümüz kimi alındı. Zədəli futbolçularımız oldu, amma tempi qoruyub saxlaya bildik. Oyunçularım çempionluğu qeyd etməyə layiq idilər. Qarşıda iki oyunumuz var.
İnanın ki, hər çempionluq vacibdir. Hər il çempion olduqda növbəti il artığı tələb edilir. Asan oyunlarımız olmadı. “Səbail” oyuna çox yaxşı hazırlaşmışdı. Heç bir rəqib heç kimdən çəkinmir. Görünən odur ki, biz daha çox əziyyət çəkməliyik. Titul əldə etdikdə rahat nəfəs almağı düşünmürük. Bizim futbol haqda düşünməməyə vaxtımız yoxdur. Hər çempionluq dəyərlidir.
10-cu çempionluğu qazandıq. Hər bir çempionluq istənilən klubu inkişaf etdirir. İki ulduz isə tariximizə düşdü. Bunun üçün sevinirəm. Uğurumuzun bir hissəsi sayıla bilər.
Qarşıdakı oyunlara ciddi hazırlaşırıq. Rotasiyalar olacaq. Mövsüm ərzində çox yorulan futbolçularımız var. Məşqçilər heyəti ilə müzakirələr aparılacaq. Əvəzedici heyətdən futbolçu götürməyi düşünmürük. Əsas heyətdə az forma şansı qazanan futbolçularımız var. Çox vacib oyunlara çıxmışıq və önəmli nəticələr qazanmışıq. Abdullah Zubir bu gün zədələnmişdi. Düzgün plan cızacağıq.
Aleks Ferqyussonun uğurunu təkrarlamaq deməzdim, amma daha çox çempionluq qazanmaq istərdim. Nə qədər futbolda olacağıqsa, iştirak etdiyimiz turnirlərdə daha çox qələbələr qazanmağı planlayırıq.
Mən rəqəmlərdə uğur axtarmıram. Xırda elementə qarşı maraq yarana bilər. 13 rəqəminə görə yox, amma Bəhlul Mustafazadəyə görə sevinirəm. Onun vacib oyunda qol vurması futbolçuya inamın artmasına zəmin yaradır.
Bizim fikrimizcə, zədəli futbolçularımız geri qayıtmalı idilər. Düşüncələrimiz reallaşmadı. Bəzən düşünmədiyin transferlər, epizodlar olur. Hər bir halda, bir az buna görə ehtiyat edirəm. Məncə, get-gedə zədəli futbolçuların sayı azalacaq. Çalışırıq ki, hazırlıq dönəminə tam komanda ilə başlayaq.
Komandanı tərk edəcək futbolçular haqda düşünməmişəm. Bəzən qarşılıqlı razılıq əldə edilməsə, qərar verilir. Heyətə gələcək futbolçular haqda danışıqlar gedir. Bundan sonra bu işə daha ciddi yanaşacağıq. Heyətimizi genişləndirmək fikrimiz var.
Əfsuslar olsun ki, “Sabah” – “Beşiktaş” oyununda iştirak edə bilmədim. İlk 15-17 dəqiqəyə baxdım. “Sabah” irəlidə idi. Atmosfer əla idi. Şenol Günəşlə münasibətlərimiz çox yaxşıdır. Bizim üçün bu gün keçirdiyimiz oyun vacib idi. “Sabah”ı bu cür performansa görə təbrik edirəm.
İnanın ki, hazırda Azərbaycandayam. Həyatın işini bilməz olmaz. “Qarabağ”a sadiqəm. Uğurlarımızın çox olmasını istəyirəm. Hazırda xaricdə komanda çalışdırmaq fikrim yoxdur.
Reqlamentə görə, bir komanda çempionatı tərk etməli, bir komanda isə gəlməlidir. Belə məsələlər haqda fikir bildirmək düzgün olmaz”.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin