“Xərclənilən pulların hara getdiyini hamı bilir” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Rakuv”la cavab qarşılaşmasından sonra (1:1) mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, o, qarşılaşmanın maraqlı keçdiyini söyləyib:

“Əfsuslar olsun ki, uduzduq. Məncə, çox maraqlı oyun oldu. Meydançada hər bir hadisə baş verdi. Hər iki komanda bir-birini yaxşı analiz etmişdi. Fasilədən sonra üstün tərəf biz olduq. Xeyli qol epizodlarımız oldu. Azarkeşlərimizə minnətdaram! Onlar futbolçularla birləşmişdilər. Bu, məni çox sevindirdi. Sonda 10 futbolçu ilə rəqibin cərimə meydançasında idik. Risklər etdik, alınmadı. Hamımız məyusuq. Bu oyunu tez bir zamanda geridə qoymalı və növbəti oyunlara hazırlaşmalıyıq.

Biz dəyişiklikləri oyunun gedişinə görə edirik. Sabahdan etibarən Avropa Liqasındakı rəqibimizlə tanış olacağıq. Mən daha sonra fikir bildirə biləcəyəm.

Məni düzgün başa düşün: iradların hamısını bildirin və mən ümumi fikrimi bildirim. Hər bir azərbaycanlı mənim üçün dəyərlidir. Biz bu klubda çox məsuliyyətlə çalışırıq. Çoxları, bəlkə də, bunu bilmir. Hazırkı rəhbərlik Azərbaycan futbolu üçün çox şey edib. Qazandığımız pulların harasa getdiyini düşünürsünüzsə, onlar heç yerə getmir, yalnız kluba xərclənir. Kasıb, ürəkli, bacarıqlı futbolçularla çox işlər görməyə çalışırıq və görürük. Xərclənilən pulların hara getdiyini hamı bilir. Şükürlər olsun ki, işlərimiz pis alınmır. Uduzmuşuq deyə, gördüyümüz işlər sıfır kimi qəbul edilirsə, sadəcə əfsuslar olsun. Kənardan gələnlərin qarşısında hamı bu məsələni irad kimi irəli sürürsə, yenə də deyirəm: sadəcə əfsuslar olsun. Klubumuzda olan hər kəs Azərbaycan futbolunun inkişafı üçün çox əziyyət çəkirlər. Başqa heç bir fikir səsləndirə bilməyəcəyəm.

Bizim qol epizodlarımız hər iki oyunda daha çox oldu. Çox fikir bildirmək olar. Epizodlardan yararlana bilmədik. İki komanda mübarizə aparırsa, biri mübarizəni dayandırmalıdır. Rəqibin üzərinə doğru hərəkət edirdik, şanslar yaradırdıq. Onlardan çəkinmirdik.

“Zirə” ilə oyun çətin olacaq. Futbolçularıma inanıram. Tez bir zamanda onları bərpa etməliyik. Ölkə çempionatına yaxşı başlamaq istəyirik. Heyətdə böyük dəyişikliklər edə bilərəm.

Biz 5-ci dəfə idi ki, Polşa klublarından biri ilə qarşılaşırdıq. Hiss edirdim ki, məğlub ola bilərik. Futbolun yazılmayan qanunları var. Bəzən belə hallar da yaşanır, gerçəkləşir.

Dünyada elə komanda yoxdur ki, eyni səviyyədə olsun. “Real”, “Barselona”, “Bayern” kimi klublar belə istədiyi bütün transferləri edə bilmirlər. Azərbaycana xarici futbolçuları gətirmək heç də asan deyil. Yerli oyunçularımız əvəzetmələrdə var idilər. Toral, Elvin, Bəhlul, Nəriman kimi futbolçular meydançada mübarizə aparırlar. Bəzən risklər də edirəm. Maksim Medvedevi, Bəhlulu da oynada bilərəm. Məqsədim gəncləri inkişaf etdirməkdir. Bu gün Çempionlar Liqasını itirə bilərik, lakin gəncləri qazanırıq. Onlar böyüsünlər, yetişsinlər. Minimum milli komanda səviyyəsində inkişaf edirlərsə, bu da uğurdur, qazancdır.

Rəqib imkan verdikcə, hücumlar edirik. Əlbəttə, əlavələr hər zaman olmalıdır. “Rakuv” müdafiədə çox yaxşı oynadı. Bizim az qol epizodlarımız olmadı. Belə rəqiblərə qarşı qələbə qazanmaq üçün cinah futbolçuları daha da aktiv olmalıdırlar. Abdullah Zubir və Leandro Andrade meydançada çox hərəkət etdilər. Bəzi məqamları nəzərə almalıyıq. Özünüz gördünüz ki, Zubir 60-ci dəqiqədən sonra rəqibin cərimə meydançasında aktivlik göstərdi. Hər bir halda, bütün futbolçularımdan çox razı qaldım. Çox əziyyət çəkdilər. İnşallah, növbəti oyunlarda daha da yaxşı çıxış edəcəyik”.

İki oyunun nəticəsinə əsasən, Ağdam təmsilçisi “Rakuv”a 3:4 hesabı ilə uduzub və Çempionlar Liqası ilə vidalaşıb.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button