Ukrayna Rusiyanın AÇ-2024-də iştirak etməməsinə çalışır – Açıqlama

Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Pavelko Rusiya yığmasının 2024-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkatmasında mümkün iştirakı ilə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, federasiya rəhbəri, Rusiya ilə Bosniya və Herseqovina milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun ləğvinə çalışdıqlarını da bildirib:

“UEFA-nın qərarı yalnız rəsmi yarışlara aiddir. Ona görə də, bu, Rusiya futbol funksionerlərinə mümkün yoldaşlıq görüşlərinin keçirilməsi ilə bağlı danışıqlar aparmağa imkan verir. Amma Ukrayna Futbol Assosiasiyası bu cür cəhdlərə dərhal cavab verir. Hələlik bu oyunla bağlı rəsmi qərar verilməyib. Ancaq matçın baş tutmaması üçün əlimizdən gələni edirik. Biz indi UEFA səviyyəsində də səylər göstəririk. Bunda məqsədimiz oktyabrın 9-da keçiriləcək AÇ-2024-ün seçmə mərhələsinin püşkatmasında Rusiyanın iştirak etməməsini təmin etməkdir”.

Rusiya ilə Bosniya və Herseqovina milliləri arasında qarşılaşmanın noyabrın 19-da Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulub.

2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi bu il oktyabrın 9-da, Almaniyanın Frankfurt şəhərində keçiriləcək.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button