Türkiyə çempionu braziliyalı futbolçusunu Ərəbistana göndərdi
Türkiyənin “Trabzonspor” klubu braziliyalı yarımmüdafiəçisi Flavio Medeyrosu Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Taavun”a icarəyə verib.
Komanda.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı dayaq yarımmüdafiəçinin 1 illik icarəsi üçün Səudiyyə Ərəbistanı klubu Türkiyə çempionuna 200 min dollar ödəyəcək. Müqavilədə satınalma şərti də var. “Əl-Taavun” Flavionu birdəfəlik transfer etmək üçün də 2 milyon dollar ödəməlidir.
Flavio Medeyros 2020-ci ilin yayında “Bahia”dan 1.2 milyon avroya “Trabzonspor”a transfer olunmuşdu. Lakin o, bu klubda əsas heyət üzvünə çevrilə bilməyib. Bu üzdən də futbolçu geridə qalan mövsümdə “Girəsunspor”a icarəyə verilmişdi. Braziliyalı futbolçu bu komandada 35 oyuna çıxıb. Flavio karyerası ərzində “Vitoriya”, “Ferroviariya”, “Boavişta” və “Santo Andre” komandalarında da oynayıb.
“Trabzonspor” qapıçısı Erce Kardeşleri də “Hatayspor”a satıb. Hatay təmsilçisi bu keçidə görə Trabzon klubuna 400 min avro ödəyəcək. 28 yaşlı futbolçu 2019-cu ildən Trabzon təmsilçisində çıxış edirdi. O, “Trabzonspor”dan öncə “Altınordu”da da forma geyinib. Qolkiper yeni klubu ilə 4 illik müqavilə bağlayıb.
“Hatayspor” müdafiəçi Kaan Kanakı da transfer edib. 31 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Geridə qalan mövsümü “Adana Dəmirspor”da keçirmiş sol cinah müdafiəçisi, 2011-ci ildə də icarə əsasında Hatay klubunun uğurları üçün çalışıb. O, karyerası ərzində “Ankaragücü”, “Buqsaş”, “İnegölspor”, “Əskişəhərspor”, “Alanyaspor” və “Ərzurumspor”da da oynayıb, Türkiyənin gənclərdən ibarət yığmasında forma geyinib.
Bizi Facebook-da izləyin