Türkiyəli futbolçu rəsmən “Ayaks”da
Türkiyə çempionu “Trabzonspor” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi mərakeşli yarımmüdafiəçi Montasser Lahtimini transfer edib.
Bu barədə Trabzon klubunun rəsmi saytı məlumat yayıb. Mərakeşin “FUS Rabat” klubundan transfer olunmuş 21 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb. Lahtimi yeni klubundakı ilk mövsümündə 300 min avro qazanacaq. O, bu komandadakı ikinci mövsümündə 325, üçüncü mövsümündə isə 400 min avro gəlir əldə edəcək. Əlavə 1 illik müqavilə qüvvəyə minsə, o zaman futbolçunun illik qazancı 600 min avro olacaq. Türkiyə çempionu bu transferə görə “FUS Rabat”a da 600 min avro ödəyib. Oyunçunun gələcəkdəki mümkün satışından da 17 faiz Mərakeş klubuna çatacaq.
“Trabzonspor” öz müdafiəçisi Ahmetcan Kaplanı da “Ayaks”a satıb. 19 yaşlı mərkəz müdafiəçisinin transferi Trabzon klubuna 9.5 milyon avro qazandırıb. Niderland nəhəngi Ahmetcanın gələcəkdəki mümkün satışından əldə olunacaq gəlirin də 15 faizini Türkiyə təmsilçisinə ödəyəcək. O, Amsterdam klubu ilə 5 illik müqavilə imzalayıb.
“Trabzonspor”un yetirməsi olan Ahmetcan Kaplan, ötən mövsümdən əsas komandada forma geyinirdi. O, Super Liqa və Türkiyə kuboku çərçivəsində meydana çıxdığı 18 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb. Gənc müdafiəçi Türkiyənin U-21 yığmasına da dəvət alır.
Bizi Facebook-da izləyin