“Turan Tovuz”dan Marandiçinin durumu ilə bağlı açıqlama
“Turan Tovuz”un futbolçusu Denis Marandiçi Azərbaycan kubokunun 1/8 final mərhələsində “Sabah”a qarşı oyunda ağır zədə alaraq oyunu tərk edib.
Komanda.az Tovuz təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı moldaviyalı müdafiəçi dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Zədəsi ağır olduğundan, Denis Marandiçi ilkin təcili yardımdan sonra Mərkəzi Klinika Gəncə Xəstəxanasına çatdırılıb.
Fibula sümüyünün tam yerini dəyişmiş sınığı və tibia sümüyünün yerdəyişməmiş sınığı aşkarlanan futbolçunun ayağı gipsə qoyulub. Klub həkiminin və xəstəxananın rəyinə əsasən, futbolçunun Bakı şəhərində əməliyyat olunması nəzərdə tutulub.
Qeyd olunur ki, əməliyyatın vaxtı ayağa toplanan hematomanın sovrulmasından sonra mümkün olacaq. Ehtiyac duyularsa, futbolçunun əməliyyatı ölkə xaricində həyata keçiriləcək.
Bizi Facebook-da izləyin