“Turan Tovuz” üçün yeni tərəfdaş
“Turan Tovuz” PFK yeni tərəfdaşlıq müqaviləsinə imza atıb.
Komanda.az xəbər verir ki, klub bundan sonra “Tovuz Su” ilə əməkdaşlıq edəcək.
Bölgənin ən tanınmış brendlərindən olan şirkət “Turan Tovuz” komandalarının su tərəfdaşı olacaq. Əməkdaşlıq 2023-2024-cü illər mövsümünün sonunadək nəzərdə tutulub. “Tovuz Su” bu müddətdə komandaları içməli su ilə təmin edəcək. Tovuz şəhər stadionunda “Tovuz Su” reklam bannerləri yerləşdiriləcək. Eyni zamanda konfranslar, rəsmi görüşlər, iclaslar və s tədbirlər zamanı “Tovuz Su” məhsulları masanın üzərinə yer alacaq.
Bundan əlavə, tərəflər keçirəcəkləri sosial məsuliyyət kampaniyalarında bir-birilərini dəstəkləyəcək və birgə fəaliyyət göstərəcəklər.
“Tovuz Su” adı ilə içməli su ilk dəfə 2018-ci ildə istehsal olunaraq satışa çıxarılıb. Brendin məhsulları Tovuz rayonu Böyük Qışlaq kəndində istehsal olunur. Bu dövr ərzində şirkət inkişaf edərək böyümüş, bazarda öz sözünü demiş su istehsalçılarından birinə çevrilib. 2021-ci ildən etibarən şirkət məhsulları arasına şüşə qablaşmada olan çeşidləri əlavə etmişdir. Su, su təmizləmə sexində qum, kömür və mexaniki filtrlərdən keçirilərək istehsal qurğusunda daxil olur. Son ərəfədə, ehtiyat su üçün 30 tonluq membranla üzlənmiş anbarlar tikilmişdir. Su mikron filtrdən və istehsal xətlərinə ötürüldükdə 6 lampalı ultrabənövşəyi şualanmadan keçirilir. Hazırda fabrikdə 10 çeşiddə məhsul istehsal olunur.
“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev əməkdaşlıqdan məmnun olduğunu bildirib: “Biz hər zaman qapımızın dəstək olmaq istəyən şirkətlərə açıq olduğunu bəyan etmişik. Peşəkarlaşmaq, böyümək yolunda bu kimi əməkdaşlıqlar böyük addımdır. “Tovuz Su” şirkətinin rəhbərliyinə göstərdikləri diqqətə görə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, əməkdaşlığımız hər iki tərəfə düşərli və davamlı olacaq”.
“Tovuz Su” şirkətinin direktoru İsmayıl Həsənov “Turan Tovuz”la əməkdaşlıqdan məmnun qaldıqlarını qeyd edib: “Ölkə futbolunun ən böyük markalarından biri olan, “Turan Tovuz”la əməkdaşlıq etdiyimizə görə şadıq. Bu klubun tarixi, ölkə futbolundakı çəkisi haqda nə isə deməyə ehtiyac yoxdur. 110 illik futbol mədəniyətinə sahib bir şəhərin komandasından söhbət gedir. Ümid edirəm ki, bizim əməkdaşlığımız digər sahələrdə fəaliyyət göstərən şirkətləri də “Turan Tovuz”a dəstək olmağa təşviq edəcək. Hər iki tərəfə uğurlu olmasını diləyirəm”.
Bizi Facebook-da izləyin