“Trabzonspor” 3 legionerlə gücləndi – RƏSMİ

Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa klubunun dövrələrarası transfer pəncərəsinin son günündə heyətinə qatdığı oyunçulardan biri Manuel Da Kostadı.

Fransada anadan olan, Portuqaliyanın aşağı yaş qrupları üzrə yığmalarında oynayan, lakin sonda Mərakeş milli komandasını seçən müdafiəçinin son klubu “Əl-İttihad” olub. 33 yaşlı futbolçu karyerası ərzində “Nansi”, PSV, “Fiorentina”, “Sampdoriya”, “Vest Hem”, “Lokomotiv” (Moskva), “Nasional”, “Sivasspor”, “Olimpiakos” və “Başakşəhər” klublarında da oynayıb.

Manuel Da Kosta Trabzon klubu ilə 1,5 illik müqavilə imzalayıb. Super Liqa təmsilçisi azad agent statusu daşıyan futbolçuya görə heç bir təzminat ödəməyib. Anlaşmaya görə, Da Kosta bu mövsümün qalan hissəsində azı 10 oyunda start heyətdə meydana çıxsa, müqavilənin müddəti daha 1 il uzadılacaq. Futbolçu bu mövsümün qalan hissəsi üçün 40 min avro alacaq. Üstəlik, o, iştirakçısı olduğu hər oyun üçün də əlavə 25 min avro qazanacaq. 2020/21 mövsümündə isə futbolçunun qazancı 450 min avro olacaq. Üstəlik, hər oyun üçün də 4 min avro gəlir nəzərdə tutulub.

“Trabzonspor”un digər transferi də müdafiəçidi. Söhbət braziliyalı stopper Manoel Messias Silva Karvalyodan gedir. 29 yaşlı futbolçu “Kruzeyro”dan satınalma şərti ilə 2,5 illik icarəyə götürülüb. Bu icarə üçün Trabzon klubu Braziliya təmsilçisinə heç bir məbləğ ödəməyəcək. “Atletiko Paranaense” klubunun yetirməsi olan Messias, ötən mövsüm icarə əsasında oynadığı “Korintians”da 39 oyuna çıxıb.

Super Liqa təmsilçisinin digər yeni transferi isə başqa bir braziliyalı futbolçu Gilyermedi. 28 yaşlı yarımmüdafiəçi Portuqaliyanın “Alvarenqa” klubundan 1,5 illik icarəyə götürülüb. “Trabzonspor” bu icarəyə görə “Alvarenqa”ya 10 min avro ödəyəcək. Futbolçu özü bu mövsüm üçün 450 min avro, 2020/21 mövsümü üçün 1,1 milyon avro qazanacaq.

Gilyerme mövsümün ilk yarısını icarə əsasında “Yeni Malatyaspor”da keçirib. Braziliyalı oyunçu 2018/19 mövsümündə də sözügedən komandanın uğurları üçün çalışmışdı. Bu komandada bütövlükdə 61 oyuna çıxan yarımmüdafiəçi 12 qola imza atıb, 13 məhsuldar ötürmə müəllifi olub.

Yeri gəlmişkən, “Yeni Malatyaspor” klubu Gilyerme ilə icarə müqaviləsini ləğv etsə də, “Trabzonspor”un bu transferlə bağlı qaydaları pozmasından şikayətçidi. Sözügedən klub buna görə FİFA-ya və Türkiyə Futbol Federasiyasına şikayət məktubu göndərdiklərini bəyan edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button