“Tottenhem”in daha bir oyunu koronavirusa görə təxirə salındı

Futbol üzrə İngiltərə Premyer Liqasında 17-ci turun daha bir matçı təxirə salınıb.

Komanda.az xəbər verir ki, “Tottenhem” və “Lester Siti” klubları arasında bu günə planlaşdırılan qarşılaşma baş tutmayacaq.

Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. Matçın təxirə salınmasına hər iki komandanın heyətində koronavirusa yoluxma hallarının aşkarlanması səbəb göstərilib. Bakı vaxtı ilə saat 23:30-da start götürməli olan görüşün yeni tarixi barədə hələlik açıqlama verilməyib.

London təmsilçisinin düşərgəsində koronavirusa kütləvi yoluxmaya görə ötən tur keçirilməli olan “Brayton” – “Tottenhem” matçı da təxirə salınmışdı. Paytaxt klubunun Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində “Renn”lə (Fransa) oyunu da ləğv edilmişdi.

Britaniya mətbuatı “Tottenhem”də azı 8 futbolçunun koronavirusa yoluxduğunu iddia edir. “Lester Siti”nin baş məşqçisi Brendan Rocers də 9 futbolçunun infeksiyaya yoluxduğunu açıqlayıb. Bu üzdən komandanın meydana çıxarmağa yetərli heyəti yoxdur.

Premyer Liqada 17-ci tur çərçivəsində keçirilməli olan “Brentford” – “Mançester Yunayted” və “Bernli” – “Uotford” matçları da qonaq komandaların heyətində koronavirusa kütləvi yoluxma olduğu üçün təxirə salınıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button