Futbolu dəyişən adam Yazı+Fotolar
O, müasir futbolda öz sistemini quran, yaratdığı komanda, əldə etdiyi nəticələrlə adından söz etdirən, idmanın şahına damğasını vuran məşqçilərdəndir. Baş məşqçi kimi çalışdığı bütün ölkələrdə çempionluq sevinci yaşasa da, son illərdə Çempionlar Liqasında heç cür uğur qazana bilmir. Bəzən komandası rəqibdən daha üstün oyun göstərsə də, sanki üzərində Çempionlar Liqası lənəti var. Elə bir müddət əvvəl “Tottenhem”lə keçirilən oyunda olduğu kimi. “Sükanı arxasında” olduğu “Mançester Siti” nə qədər yaxşı, baxımlı oyun göstərsə də, sonluq uğurlu olmadı Pep Qvardiola üçün.
Qvardiola 18 yanvar, 1971-ci ildə İspaniyada anadan olub. Onun uşaqlığı da bir çox futbolçu kimi çətin şəraitdə keçib. Amma bir çox yaşıdlarından fərqli olaraq, onun böyük sevgisi vardı. Bu, futbol sevgisi idi. Uşaq yaşlarından evlərinin yaxınlığındakı kiçik meydançada saatlarla futbol oynayardı. Onun bu sevgisi haqqında danışan atası Valenti Qvardiola, “Milad bayramında onu xoşbəxt etmək üçün bir yol var idi: ona futbol topu hədiyyə etmək” deyir.
Pepin özünün də dediyi kimi, futbolçu karyerası qəribə – gözləmədiyi şəkildə başladı. O, əvvəlcə “Barselona”da topdaşıyan olur, ardınca isə komandanın futbolçusu, kapitanı və nəhayət, baş məşqçisi kimi ünvanlar qazanır. “Barselona”nın akademiyasında topdaşıyan olan Qvardiola, 13 yaşında katalonların aşağı yaş komandası olan “Barselona B”-də oynamağa başlayır. 6 il aşağı yaş komandasında oynayan Pep, 1990-cı ildə peşəkar futbolçu oldu.
Pepin kiçik qardaşı Pere də futbol dünyasının tanınmış adlarındandır. O, dünyada ən yaxşı futbol menecerlərindən biri hesab olunur. Onun bu qədər məşhurlaşmasında heç şübhəsiz, qardaşının böyük rolu var. O, qardaşının meneceri kimi adından söz etdirməyi bacardı. İndi isə onun Luis Suarez kimi müştərisi var.
Bir çoxuna görə, o, qazanmaq və qazandırmaq üçün yaradılmış bir beyindir. “Barselona”nın “sükanı arxasında” olarkən, mümkün olan bütün kubokları qazandıqdan sonra azarkeşlər ona “Vinner” (“Qalib”) adı verir. Tez-tez futbolçu və məşqçi kimi qazandıqlarını “Barselona”ya borclu olduğunu deyən Qvardiolanın katalonların argentinalı hücumçusu Lionel Messi haqqında işlətdiyi ifadə isə yəqin ki, heç vaxt unudulmayacaq:
“Ən böyük məqsədim Messini dünyanın ən yaxşı futbolçusu etmək idi, amma o məni dünyanın ən yaxşı məşqçisi etdi”.
Qvardiola futbolçu karyerasını 35 yaşında başa vurub. Özü də hansısa Avropa klubunda deyil, Meksika komandasında. O, Meksikanın “Dorados de Sinaloa” klubunda bir müddət futbolçu kimi çıxış etdikdən sonra karyerasını bitirib. Bu, 2005-2006-cı illər idi.
O, texniki, taktiki cəhətdən olduğu kimi, psixoloji baxımdan da böyük mütəxəssisdir. Vacib oyunlardan əvvəl futbolçuları qarşılaşmaya hazırlaması, onlara dedikləri bunu sübut edir. “Bavariya”nın baş məşqçi postunda olarkən, “Çelsi” ilə superkubok oyununda futbolçuları penaltilər seriyasına hazırlaşdırarkən, onlara bunu demişdi:
“Topu hansı istiqamətdə atacağınıza indidən qərar verin və bundan imtina etməyin. Bir vacib məqam da budur: zərbənin qol olacağını içinizdə dəfələrlə təkrar edin. Penaltini qola çevirənədək dayanmayın”. Nəticədə, “Bavariya” penaltilər seriyasında qalib gələrək, kuboku qazanır…
O, “tiki-taka”nın yaradıcısı kimi tanınsa da, verdiyi müsahibələrin birində bu sxemə nifrət etdiyini etiraf etmişdi:
“Tiki-taka”ya nifrət edirəm. Bu, topu sağa-sola ötürməkdən başqa bir şey deyil. Onun məqsədi yoxdur. “Barselona” mənim məşqçiliyim dövründə heç vaxt “tiki-taka” oynamadı, insanlar bunu uydurmuşdu”.
Qvardiola həm də bir sənətsevərdir. Boş zamanlarını adətən muzeylərdə, qalareyalarda keçirir. Bundan başqa, o həm də peşəkar qolfçudur. Hətta 2012-ci ildə Avropada keçirilən qolf turnirlərinin birinə qatılmışdı.
İspan mütəxəssis modaya olan marağı ilə də seçilir. Siz onu oyunlar zamanı həmişə şux, səliqəli geyimlərdə görə bilərsiz.
O, bu gün futbolun texnikasını və fəlsəfəsini inkişaf etdirən bir mütəxəssisdir. Qvardiola kənarda dayanıb, meydandakı futbolçulara istiqamət verən bir məşqçidən daha çox, futbolçuların psixologiyasını inkişaf etdirən dahidir. Çalışdığı bütün komandalara qazanmaq anlaşıyını aşılayan, kubokları toplayan bir dahi.
Aygül Qarayeva
Bizi Facebook-da izləyin