Tahir Gözəl Xocalı faciəsindən danışdı: “Buna görə “Qarabağ” fərqli missiya daşıyır”

Xəbər verdiyimiz kimi, “Qarabağ” klubunun bazasında qan yaddaşımızın səhifələrindən biri Xocalı faciəsinin il dönümünə dair tədbir keçirilib.

Komanda.az xəbər verir ki, Ağdam klubunun vitse-prezidenti Tahir Gözəl Xocalı faciəsinin il dönümüylə bağlı bu gün komandayla görüşüb.

Görüş Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Daha sonra vitse-prezident həm Azərbaycan, həm də ingilis dillərində 28 il bundan əvvəl baş verən Xocalı faciəsi haqda ətraflı danışıb və futbolçulara geniş məlumat verib:

“Qarabağ barəsində fikir ifadə etmək həmişə çətindi. Bu ad hər zaman tarixin müəyyən dönəmlərində çətin, acılı məqamlarla üzləşib. Bu gün həmin ağır günlərdən biridi. Yaddaşımızı hər zaman yeniləməyə ehtiyac var. Düz 28 il bundan qabaq bəşər tarixinin ən önəmli faciələrindən biri yaşanıb. Xocalıda, öz evlərində yaşayan 613 məsum, tamamilə günahsız insan qətlə yetirilib. Nə qədər uşaq valideynsiz qalıb. Cavan-qoca, uşaq-qadın fərqi qoymadan vəhşicəshinə qətliam törədilib. Bu gün o şəhidləri ehtiramla yad edirik. Ailələrinin, xalqın acılarını paylaşıyırıq. Təsəvvür edin, 100 ailə təmamilə məhv olub. Bu səbəbdən “Qarabağ” Futbol Klubu fərqli missiya daşıyır. “Qarabağ”ın məqsədi bütün dünyaya Xocalı faciəsini, qətliamını, Qarabağın – torpaqlarımızın işğalını bütün dünyaya çatdırmaqda vasitəçilik etməkdi. Tam səmimi deyirəm, əsas məqsədimiz budu. Bizim məqsədimiz klubun adına xidmət etməkdi. Necə? Klub adına başarılı futbol oynamaq, uğurlar qazanmaq və təbii ki, klubunun özəl mənəviyyatını sərgiləməklə. “Qarabağ” FK üçün mənəviyyat hər şeydən daha önəmlidi. Mən “Qarabağ”la, bu adı daşımağımızla fəxr edirəm. Və mən düşünürəm ki, biz birliyimizlə, cəsarətimizlə, başarılarımızla, mənəviyyatımızla bu adı daşımağa layiqik. Biz Qarabağ naminə olan məsuliyyətimizi idrak edirik. Başda klubun prezidenti Abdulbari Goozalin baxışlarıyla bütünləşən klubumuzun fəlsəfəsiylə qürur duyuruq. Bir daha qeyd edirəm ki, Xocalı faciəsi nəinki Azərbaycanın, eyni zamanda bütün ümumbəşəri faciədi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button