“Tələskənlik finalı əlimdən aldı” – Murad Məmmədov
Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında Murad Məmmədov (60 kq) bürünc medal qazandı.
Komanda.az xəbər verir ki, ilk dəfə 2018-ci ildə böyüklərin dünya çempionatında iştirak edən yunan-Roma güləşçimiz ikinci cəhdində fəxri kürsüyə qalxdı. Daha öncə Avropa ikincisi olan Məmmədov bu dəfə dünya üçüncüsü ünvanına sahib çıxdı.
Murad Oslodakı çıxışı ilə bağlı Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlama verib:
“Yarış çox yüksək səviyyədə keçdi. Dünya çempionatında zəif rəqib olmur. Təlim-məşq toplanışlarını yaxşı keçmişdik. 5 görüş keçirdim. İlk 3 qarşılaşmada rahat qalib gəldim. Yarımfinalda Asiya çempionu və dünya ikincisi olmuş Qırğızıstan güləşçisiylə üz-üzə gəldim. Görüş ağır keçdi. Bir az səbrli və təmkinli olsaydım, qalib gələ bilərdim. Bir qədər tələskənlik finalı əlimdən aldı. Belarus güləşçisinə qalib gəlib dünya çempionatını 3-cü pillədə başa vurdum. Şükürlər olsun ki, medalsız qalmadım. Bürüncü və ya gümüşü daha sonra qızılla əvəz etmək olar. Əsas odur ki, DÇ-də ilk medalımı qazandım. İnanıram ki, gələn il öz sözümü layiqincə deyəcəyəm”.
Bizi Facebook-da izləyin