Super Liqa klubu məşqləri yenə təxirə saldı
Türkiyənin “Ankaragücü” klubu bu gündən bərpa etməyə hazırlaşdığı məşqləri yenidən təxirə salmaq məcburiyyətində qalıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Buna komandadakı futbolçulardan birində koronavirus aşkarlanması səbəb olub. Klubdan verilən məlumata görə, futbolçular ən yaxşı halda mayın 11-dən sonra hazırlığa başlaya biləcəklər. Həmin gün futbolçular yenidən koronavirus testindən keçəcəklər. Hər şey qaydasında olsa, məşqlərə start veriləcək. Hələlik isə komanda üzvləri öz evlərində fərdi qaydada məşq edəcəklər.
Yeri gəlmişkən, klub prezidenti Fatih Mert koronavirus testi müsbət çıxan futbolçunun vəziyyəti ilə bağlı danışıb. O, adı açıqlanmayan həmin oyunçunun vəziyyətinin yaxşı olduğunu söyləyib:
“Futbolçumuz hazırda xəstəxanada müalicə alır. O, hələ bir müddət nəzarət altında saxlanılacaq”.
Bizi Facebook-da izləyin