“Byazinin “Sumqayıt”a bu qədər üstünlük verməsi normal qarşılanmalıdır” – Müsahibə

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovun Komanda.az saytına müsahibəsi:

  • Ayxan bəy, ümumi olaraq komandada vəziyyət nə yerdədir?
  • Bir az millidə olan futbolçularımız çoxdur. Həm U-21-də, həm də əsas millidə oyunçumuz var, iki-üç futbolçumuz da zədəlidir. Oyunçu baxımından qıtlığımız var. Belə vaxtlar bizə imkan verir ki, gənc futbolçuları çağıraq. Məşqlərə həm akademiyadan, həm də əvəzedici komandadan futbolçular çağırmışıq. İki həftə bizimlə olacaqlar, sabah da çalışacağıq ki, onlara göz gəzdirək. Bütün futbolçularımızın sağlam qayıtmasını istəyirik. Çünki həqiqətən, qarşıda çətin oyunlarımız var.
  • Əli Qurbaninin son durumu necədir?
  • Əli hələ tam məşq edə bilmir, vaxt lazımdır. Zədəsi ağırdır, həkimlərin nəzarəti ilə müalicəsi davam edir. İnşallah, yaxın zamanlarda komandaya qoşulacaq.
  • Əli Qurbani əsas hücum silahınızdır. İki turdur yoxdur və “Sumqayıt” qol vurmaqda çətinlik çəkir. Onun yoxluğunda hücumdakı problemi necə aradan qaldırmağı düşünürsüz?
  • Əlbəttə, biz çempionata başlayanda bilirdik ki, bir hücumçuyla çətin olacaq. Çünki hücumdakı digər futbolçular gəncdir. Əlinin zədələnməsi bizə böyük itki oldu. Düzdür, “Neftçi” ilə oyunda çox qol imkanlarımız olmadı. Həm “Neftçi”, həm də biz yaxşı müdafiə olunduq. “Səbail”lə oyunda isə qol imkanlarımız çox oldu, amma sonluq çatmadı. Belə deyək, çətin də olsa, bu duruma uyğunlaşmaq istəyirik. Ümid edirik ki, Əli tez bir zamanda sağalıb, bizə kömək edəcək.
  • Ardıcıl iki turdur ki, xal itirirsiz və növbəti oyun lider “Qarabağ”ladır. Xal itkilərindən sonra çətin səfər oyununda qələbə qazana biləcəksiz?
  • Çempionatımız çətin keçir, yəni, digər komandalarda heyət geniş olsa da, onlar da əziyyət çəkir. Bəzi komandalar var ki, iki-üç hücumçuları var, amma qol vura bilmir. Mən deyə bilmərəm ki, Əli Qurbani yoxdur deyə, qol vurma bilmirik. Bunu desəm, digər futbolçulara haqsızlıq etmiş olaram. Biz “Sumqayıt”a gələndən çalışmışıq ki, bir sistem quraq. Yayda bir çox futbolçularımız komandanı tərk etsə də, bizim oyun üslubumuz qalıb. Futbolçuların keyfiyyətinə görə bunun nə dərəcə alındığını deyə bilmərəm. Biz bu gün çempionluğa oynamırıq. Çempion olmasaq, bizim üçün böyük itki olmayacaq. Qarşımıza başqa məqsədlər qoymuşuq. Digər komandalara olduğu kimi bizə də çətindir. Düşünürəm ki, çempionatın sonuna qədər bütün komandalar arasında mübarizə gedəcək.
  • Premyer Liqadakı 8 komandaya baxsaq, ən kasad heyət sizdədir. Amma ümumilikdə iki dövrənin ən uğurlu komandası da “Sumqayıt”dır. “Sumqayıt” bu uğuru nəyə borcludur?
  • İki ildir “Sumqayıt”dayam. Bir kollektivdə nəsə iş görürsənsə, sənə vaxt lazımdır. Biz hər mövsümdən əvvəl rəhbərliklə danışırıq. Maddi durumumuzu, əlimizdə olan materialı müzakirə edirik. Belə deyək də, çalışmışıq ki, ayağımızı yorğanımıza görə uzadaq. Düzdür, nəticə istəyirik, bu olanda klub olaraq inkişaf da daha yaxşı gedir. Biz də istəyirik ki, futbolçularımız çox olsun, şərait baxımından digər komandalarla mübarizə apara bilək. Bu gün “Sumqayıt”ın uğuru kollektivə, ailəyə, komandanın bir yumruq olmasına bağlıdır. Burda hər kəsin əməyi var – futbolçuların, rəhbərliyin, azarkeşlərin. Nəticə olmasa belə, biz bu gün yeni futbolçuları – Xəyal Nəcəfovu, Aydın Bayramovu, Rüfət Abdullazadəni, Elvin Bədəlovu qazanmışıq. O Elvin ki, son üç ildə heç bir Premyer Liqa klubuna lazım olmurdu. Bundan başqa, Vüqar Mustafayevi olsun, Rüfət Abdullazadəni olsun, biz bu futbolçuları qazanmışıq. Bu gün bu futbolçular öz əməyi ilə bu yerlərə gəlib. Tellur Mütəllimov ötən il az oynamışdı, biz onu komandaya dəvət etdik və indi yığmaya dəvət alıb. Mənim qarşıma qoyulan vəzifələrdən biri milli komandaya çox futbolçunun getməsi, gənclərin fərdi inkişafı idi. Bu gün bunlar bizim uğurumuzdur. Onlar da öz üzərində çalışmalı, inkişaf etməlidir. Milli komandada oynayıb, artırmalıdırlar ki. “Sumqayıt” da inkişaf etsin. Bütün bunlar paralel olaraq getməlidir.
  • “Sumqayıt”dan əvvəlki illərə nisbətən bu il daha çox futbolçu yığmaya dəvət alır. Xəyal Nəcəfov da ilk dəfə yığmaya çağırıldı. Ondan gözləntiləriniz nədir?
  • Əlbəttə, Xəyalın milliyə dəvət olması məni sevindirir. O, bu il öz üzərində çox çalışır və ona olan ümidləri də doğruldacağına inanıram. Bundan başqa, hansı futbolçumuzu çağırsalar, bu, məni sevindirir. Canni De Byazinin “Sumqayıt”a bu qədər üstünlük verməsi normal qarşılanmalıdır. Məşqçilər turnir cədvəlinə baxır, futbolçularla maraqlanır.
  • Ümumilikdə, UEFA Millətlər Liqasında Azərbaycan yığmasından gözləntiləriniz nədir?
  • Milli haqda danışmaq istəmirəm, hər zaman belə söhbətlərdən qaçmışam. Hər bir azərbaycanlı kimi mən də istəyirəm ki, milli uğur qazansın. İnşallah, inanıram ki, qarşıdakı iki oyunda da uğurlu çıxış edərlər. Baş məşqçi üçün də Millətlər Liqası böyük təcrübə oldu, ona uğurlar arzu edirəm.
  • “Neftçi”də Füzuli Məmmədovun komandadan ayrılmasından sonra baş məşqçi postuna Samir Abasov gətirildi. Abasovdan əvvəl sizin də adınız “Neftçi” ilə hallanırdı. Hansısa təklif olubmu?
  • Bu gün mən “Sumqayıt”dayam. Çox istərdim ki, Füzuli Məmmədov işində qalıb, çalışardı. Bu gün Samir Abasov gəlib və ona da uğurlar arzu edirəm. “Neftçi” böyük klubdur. “Neftçi”də qazanılan gümüş medal uğur sayılmır. Abasova uğurlar arzu edirəm. Mən bu gün “Sumqayıt”la yaşayıram və bu komandayla uğur qazanmaq istəyirəm.
  • İkinci Qarabağ müharibəsində qazanılan zəfərlə bağlı fikirləriniz nədir?
  • Bu, böyük bir qələbədir. Qələbə münasibətiylə komandanı təbrik edəndə onlara da dedim ki, biz bu 45 günü necə məşqə gəldik, necə hazırlaşdıq, heç bilmədik. Oyunlarda belə, qələbə xəbərləri eşidəndə çox sevinirdik. Matçlarda hər şeyi unudub, futbola köklənirdik, amma bu müharibədə futbol ikinci plana düşdü. Həqiqətən, çox böyük qələbə idi. Bu qələbəyə görə dövlətimizə, prezidentimizə, əsgərlərimizə təşəkkür edirik, möhtəşəmdir. Əsgərlərimiz canları bahasına bu zəfəri bizə yaşatdılar. Biz 92-93-ü görmüşdük, ağrı-acı yaşamışdıq. Bu qələbə də bizim üçün möhtəşəm oldu. Düzdür, şəhidlərimiz var və bu üzücüdür. Ümumilikdə, böyük bir qələbədir.
  • “Sumqayıt”ın futbolçularından könüllü cəbhəyə getmək üçün müraciət edən olubmu?
  • İnandırım sizi, hər kəs müharibəyə getməyə hazır idi. Bu gün insanların birliyi əsgərlərimizə motivasiya verirdi. Onlar bilirdi ki, xalq onların yanındadır. Futbolçuların işi futbol oynamaqdır, kimisə də cəbhəyə çağırsaydılar, canla-başla gedəcəkdi. Komandamızdan kimisə çağırmamışdılar. Amma bunu əminliklə deyə bilərəm ki, çağırılan olsaydı, canla-başla döyüşə gedərdi.
  • İşğaldan azad edilmiş rayonlarımızdan ilk hansına getmək istərdiz?
  • Əlbəttə, hamısı bizim üçün doğmadır. Azərbaycanın hər bir yerinə getmişəm. Bundan əvvəl işğalda olan torpaqlara getmək nəsib olmamışdı. İnşallah, qismət olar və gedərəm. Xüsusilə, ilk görmək istədiyim yer Şuşadır. Yollar açılan kimi ilk ora gedəcəm.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button