Stadionlardakı son vəziyyət açıqlandı – FOTOLAR

Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov Azərbaycan Premyer Liqasının sabah keçiriləcək 17-ci turunun oyunları ərəfəsində stadionlardakı vəziyyətlə bağlı son durumu açıqlayıb.

Komanda.az xəbər verir ki, o, sosial şəbəkə hesabında yaydığı açıqlamada sabah güclü qar müşahidə olunmayacağı, hər hansı bir ciddi sürpriz olmayacağı təqdirdə bütün qarşılaşmaların baş tutacağını bildirib.

“Bank Respublika Arena” – Vəziyyət kritik idi. Stadionlar içində ən çox qar bura yağmışdı. Həm “Sabah” klubunun, həm də stadion rəhbərliyinin əməyi sayəsində stadionun yarıdan çoxu qardan təmizlənib və sabah bu iş davam edəcək. Ümid edirik ki, oyunun startına qədər hər şey yaxşı olacaq”.

Qəbələ şəhər stadionu – Çoxdan qurulan planlı və sistemli iş nəticəsində Qəbələ şəhər stadionu kritik durumlara daha yaxşı hazırdır (duman problemi bura daxil deyil). Həm stadion, həm klub rəhbərliyi ilə daim əlaqədəyik. Hər hansı bir dəhşətli təbiət sürprizi olmayacağı təqdirdə oyunla bağlı problem olmamalıdır. Məlumat üçün bildirim ki, oyunun rəsmi nümayəndələri, qonaq komanda artıq Qəbələ şəhərindədir.

Zirə İdman Kompleksi – Qarın təmizlənməsinə əlavə qüvvə və texnika cəlb olunmaqla sabah səhər saatlarında başlanılacaq.

“Azersun Arena” – Qarın daha az düşdüyü stadion kimi xarakterizə edə bilərik, amma stadion qarla tam örtülüdür. “Qarabağ” klubunun rəhbərliyi ilə mütəmadi danışırıq. Sabah səhər saatlarından başlanaraq stadion axşam saatlarındakı oyuna qədər hazır vəziyyətə gətiriləcək.

Abbasovun bildirdiyinə görə, AFFA və PFL hər ehtimala qarşı sabah klubları qırmızı topla da təmin edəcək.

Sonda onu da bildirək ki, Premyer Liqanın 17-ci turu çərçivəsində sabah “Qəbələ” – “Sumqayıt” (15:00), “Zirə” – “Neftçi” (16:00), “Sabah” – “Keşlə” (17:30) və “Qarabağ” – “Səbail” (18:30) görüşləri baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button