“Son nöqtəni qoymaqda çətinlik çəkirik” – Elmar Baxşıyev
Futbol üzrə Azərbaycan Premyer Liqasının 10-cu turunun “Qəbələ” – “Neftçi” oyunundan (1:4) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
Komanda.az xəbər verir ki, 40 yaşlı mütəxəssis ağır məğlubiyyəti belə şərh edib:
“Torpaqlarımızı qaytardığımız üçün xalqımızı təbrik edirəm. Oyunun çətin olacağını bilirdik. “Neftçi” yaxşı futbolçulardan təşkilatlanmış komandadır. Oyuna ciddi hazırlaşmışdıq. Planlaşdırdıqlarımızın üzərində çalışmışdıq və bu meydanda da alınırdı. Komandamız meydanda hər şey göstərir, lakin qollar, soyuqqanlılıq çatışmır. Qol vurmayanda rəqib cəzalandırır. İlk yarıda epizodlar yaradırıq, yararlana bilmirik, rəqib isə yarım epizodu dəyərləndirir. Sonra oyunun axarını dəyişmək çətin olur. Ağır məğlubiyyət alsaq da, istədiyimi futbolçularda görürəm. Hücum futbolu oynayır, epizodlar yaradır, son nöqtəni qoymaqda çətinlik çəkirik. Birinci dövrədə də “Neftçi” ilə görüş ağır keçmişdi. Heyətimizə baxanda oyunun nəticəsini dəyişə biləcək keyfiyyətli oyunçular var. Üzərimizə düşəni artıqlaması ilə edib bunu aradan qaldırmağa çalışacağıq. Komandama çox irad bildirə bilmirəm. Bəzi epizodlardakı boşluqları rəqib dəyərləndirir. Fərdi səhvləri düzəltmək asandır, komanda oyununda dəyişiləsi heç nə yoxdur. Komanda şəklində uduzmuşuq, ayrı-ayrı futbolçuları fərqləndirməzdim. Qalib gələndə də, heç-heçə edəndə də bu kollektiv hesabında olur. İnanıram ki, uğur gətirə bilərik. Ümumi götürəndə bütün turlarda “Qəbələ” kiminlə oynasa da 5-6 epizod yaradır. Bu komandanı hücumda görürəm”.
Bizi Facebook-da izləyin