Samir Uykani və Simone Verdi Turinə üz tutdu
İtaliyanın “Torino” klubu heyətini yeni futbolçularla gücləndirib.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi Türkiyənin “Rizəspor” klubunun qapıçısı Samir Uykani ilə “Napoli”nin hücumçusu Simone Verdini heyətinə cəlb edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Uykani “Rizəspor”dan ayrılaraq yeni klubu ilə azad agent kimi müqavilə imzalayıb. 31 yaşlı futbolçu Turin təmsilçisi ilə 1 illik anlaşıb. Peşəkar karyerasına məhz İtaliyanın “Palermo” klubunda başlayan Samir, bu ölkədə “Novara”, “Kyevo”, “Cenoa”, “Latina”, “Piza”, “Kremonese” komandalarının da formasını geyinən təcrübəli qolkiper “Rizəspor”a 2018-ci ildə keçmişdi. 2014-cü ilə qədər Albaniya yığmasının uğurları üçün çalışmış Uykani, həmin dövrdən bəri Kosovo millisinə çağırılır.
“Torino” Verdini də “Napoli”dən bir mövsümlük icarəyə götürüb. Bu müddət ərzində Neapol təmsilçisinə 3 milyon avro icarə haqqı ödəyəcək turinlilər, mövsümün sonunda Verdinin transfer hüquqlarına yiyələnmək istəsə, əlavə 20 milyon avrosundan keçməlidilər.
“Milan”ın yetirməsi olan Verdi 2011-2015-ci illər aralığında məhz “Torino”da olub. Amma Turin klubu onu bir mövsüm “Yuve Stabia”, iki mövsüm də “Empoli”yə icarəyə verib. 2015-ci ildə yenidən “Milan”a transfer olunan Simone, yenə yetirməsi olduğu bu klubda oynamaq şansı qazanmayıb. İki mövsüm “Eybar” və “Karpi”də icarədə oynayan hücumçu, 2016-cı ildə “Bolonya”ya transfer olunub. 2018-ci ildən isə Verdi “Napoli”dədi.
Bizi Facebook-da izləyin