“Neftçi”nin seçimi: Ukraynalı, yoxsa rusiyalı?
Samir Abasovun “Neftçi”dən istefaya göndərilməsinin səbəbləri açıqlanıb.
Komanda.az xəbər verir ki, bu barədə paytaxt klubunun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev “Neftçi” TV-yə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, müqaviləsinin müddəti bitən Samir Abasova yeni sözləşmə təklif olunmayıb. Allahverdiyevin sözlərinə görə, 44 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasında qarşısına qoyulan vəzifəni yüksək səviyyədə yerinə yetirsə də, Azərbaycan kubokunu qazanmaq vəzifəsinin öhdəsindən gələ bilməyib. O, eyni zamanda futbolçu transferləri ilə bağlı işi həyata keçirməyi bacarmayıb.
Komandaya yeni baş məşqçinin təyin olunması iyunun 14-də baş tutacaq növbəti iclasda həyata keçiriləcək. Həmin vaxtadək konkret namizəd müəyyənləşəcək. Yeni baş məşqçinin əcnəbi olacağı açıqlanıb. O, iki nəfər arasından danışıqlar aparıldıqdan sonra seçiləcək. Onun sözlərinə görə, namizədlər ukraynalı Yuri Vernidub və rusiyalı Viktor Qonçarenkodur.
“Neftçi”nin ikinci komandasına rəhbərlik isə Rəşad Abdulllayevə tapşırılıb. O, yeni vəzifədə bir neçə gün öncə “Səbail”in baş məşqçisi təyin olunan Mahmud Qurbanovu əvəz edib.
Komandanın növbəti mövsümə hazırlığı iyunun 15-dən başlanacaq. Yay toplanışının birinci mərhələsi Bakıda, ikinci mərhələsi Türkiyədə olacaq.
“Neftçi” Futbol Akademiyasına rəhbərlik də əcnəbi mütəxəssisə tapşırılacaq. Müşahidə Şurasının iclasında Akademiya binasının yeni mövsümün sonunadək tam başa çatdırılmasının vacibliyi vurğulanıb.
Bizi Facebook-da izləyin