Samir Abasov: “Çempionluq çətin olacaq”

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Gərgin və maraqlı oyun alındı. Meydanda mübarizə gördük. Futbolçularda əzm və istək var idi. Rəqib səhvləri bağışlamadı. Onları qələbə münasibətiylə təbrik edirəm. İşimizə davam etməli və səhvləri düzəltməliyik. İnanıram ki, hər şey yaxşı olacaq və bundan da yaxşı “Neftçi” görəcəyik.

Gilyerme Pato çox yaxşı oyun sərgilədi. Halbuki onu pisləyirdilər. Hər bir oyunçuya vaxt lazımdır. İnanıram ki, digər futbolçuların da oyunu düzələcək. Meydanda uduzmaq istəməyən iki komanda var idi. Təəssüf ki, qələbə qazana bilmədik. Komandamın göstərdiyi oyun başlanğıcdır, bizə ümid verir. Digər məqamları da düzəldə bilsək, hər şey daha yaxşı olacaq. Oyunla yanaşı, istək və əzm də lazımdır. Kubokda da işimizi çətinə saldıq. Komanda ruhunu yaxşılaşdıra bilsək, yeni transferlər də uyğunlaşsalar, daha yaxşı “Neftçi” görəcəyik”.

Samir Abasov çempionluq şanslarının az olduğunu etiraf edib:

“İndiki durumda nəsə demək mənim üçün çətindir. Reallıqları qəbul etsək, çempionluq çətin olacaq. Hətta bəlkə də, mümkünsüzdür. Amma bunu desəm, məni düz başa düşməyəcəklər. Hər oyuna qələbə üçün çıxacağıq”.

O, yayda edilmiş transferlərin uğursuz olduğunu düşünmədiyini deyib:

“Digər komandalarda da belə hallar yaşanır. Adlarını çəkməyə ehtiyac yoxdur. Ən arzuolunmaz ayrılıq Romen Baskın gedişi oldu. Biz göndərmədik, özü gedəsi oldu.

Sabir Buqrinlə Mamadu Kane əsas açar oyunçularımız idi. Saxlaya bilmiriksə, yerlərini doldurmaq lazımdır. Kanenin məsələsi bitib. Son günədək ümidimiz böyük idi. İlkin söhbətlərimiz belə idi ki, futbolçu 90-95 faiz “Nefçti”yə qayıdacaq. Amma Bakıya gələn gün aeroportda bildik ki, “Olimpiakos”a gedəcək. Əvvəlcədən bilsəydik, nəsə edə bilərdik.

Qazanılan nəticələrə görə sözümüzü deyəcəyik. Uğursuzluğa gəlincə, hər şeyə rəhbərlik qərar verəcək. Mən özümə vaxt istəmirəm. Reallıqları bilən adamam. Azərbaycanda heç bir baş məşqçi vaxtdan danışa bilməz. Hər bir klubda vəziyyət eynidir”.

Abasov, digər futbolçuların çıxışına da toxunub:

“Bir futbolçu mənim komandamdadırsa, onun uğursuz transfer olduğunu deyə bilmərəm. Amma Xəyal Nəcəfov bu gün meydanda özünü yaxşı tərəfdən göstərdi. Yusuf Lavala diqqət daha da artıb. Əvvəllər daha çox boşluq əldə edirdisə, indi müəyyən çətinliklərlə üzləşir. Sürətinin aşağı düşdüyünü deməzdim. Əksinə, hücumda fəaldır. Ölkə xaricindən də ona diqqət böyükdür. Azərin meydana çıxması fiziki durumundan asılıdır. Müəyyən müddət var ki, o dövrü keçməlidir. Bundan sonra daha çox oynamaq şansı qazanacaq. Sezar Meza Kolli isə ilk dəqiqələrdən oynamağa hazır deyildi”.

Mütəxəssis ikinci hissədəki oyunçu dəyişikliklərinin səbəbini də açıqlayıb:

“Bu, hücumu gücləndirməklə bağlı idi. Sistemi isə dəyişmədik. Bu, rəqibdən də asılı olan məsələdir. Həddən artıq sıx oynayır. Nəyi səhv və ya düz etdiyimizi demək üçün oyunu analiz etmək lazımdır. Komandaya bağlı insanların fikri odur ki, hər oyunda qələbə qazanaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button