“Şah” rusiyalı şahmatçı ilə qarşılaşacaq – bu gün
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün Serbiyanın paytaxtı Belqradda təşkil olunan FİDE qran-prisində növbəti görüşünü keçirəcək.
Komanda.az xəbər verir ki, “Şah” D qrupundakı üçüncü qarşılaşmasında rusiyalı Aleksandr Predke ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Məmmədyarov ilk turda çinli Yu Yanq Yu ilə, ardınca isə fransalı Maksim Vaşye-Laqravla heç-heçə oynayıb. Qrupdakı hər şahmatçının hesabında 1 xal var.
Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə iki dövrəlik mübarizə gedəcək. Nəticədə, yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.
Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.
FİDE qran-prisinin 2-ci mərhələsinə martın 14-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur.
Bizi Facebook-da izləyin