Periçiç “Qarabağ”ın futbolçusu ilə “Sabah”da birgə oynamaq istəyir – Müsahibə

“Sabah”ın xorvatiyalı müdafiəçisi Şpiro Periçiçin Komanda.az saytına müsahibəsi:

  • Premyer Liqanın son turunda “Qəbələ”ni məğlub etdiyiniz oyun (3:1) haqda fikirlərini bildirərdin.
  • Təəssüf ki, zədə səbəbindən bu görüşdə iştirak etmirdim. Lakin uşaqlar bu matçda yaxşı çıxış etdilər və layiq olduqları qələbəni qazandılar.
  • Nə oldu ki, bu mövsüm qələbə qazana bilməyən “Sabah” baş məşqçi Ramin Quliyevin gedişindən sonra ardıcıl iki oyunda üç xal əldə etdi?
  • Baş məşqçinin gedişinin bunda hansısa rolunun olduğunu düşünmürəm. Sadəcə, futbolçular bir yerdə daha çox vaxt keçirdikcə komandada uyğunlaşma getdi və daha yaxşı nəticələr qazanmağa başladıq.
  • Əvvəlki matçlarda komandanın meydanda istəksiz olduğu sezilirdi. Sən necə düşünürsən?
  • Deməzdim ki, əvvəlki oyunlarda istəksiz idik. Sadəcə, istədiyimiz nəticələri qazana bilmirdik. Son görüşlərdə isə oyunla nəticə üst-üstə düşdü və üç xal qazanmağı bacardıq.
  • Yeni çalışdırıcınız rusiyalı Murad Musayev oldu. Baş məşqçiylə ilk tanışlıq necə keçdi? Ümumiyyətlə, Musayevi daha əvvəl tanıyırdınmı?
  • Gənc olmasına rəğmən, uğurlu karyeraya malik mütəxəssisdir. Onunla birlikdə çalışmağı səbirsizliklə gözləyirəm.
  • Yeni baş məşqçi gələndən sonra adətən komandada dəyişikliklər olur. Forma geyinmək şansını itirməkdən qorxmursan?
  • Öz səviyyəmə bələdəm, özümə inanıram. Nədənsə qorxmağa ehtiyac görmürəm. Əsas heyətdə yerimi qazanmaq üçün var qüvvəmlə mübarizə aparacam.
  • Avqust ayından burdasan. Azərbaycan futbolunu necə xarakterizə edə bilərsən?
  • Məncə, Azərbaycan çempionatı sürətli və maraqlı çempionatdır. Hər oyun vacib xarakter daşıyır.
  • “Sabah”dan ayrılsan, Azərbaycanda hansı klubda çıxış etmək istəyərdin?
  • Mən “Sabah”ın futbolçusuyam. Bu barədə ümumiyyətlə düşünmürəm. Burda özümü yaxşı hiss edirəm və burda qalmaq istəyirəm.
  • Səndən əvvəl “Sabah”da xorvatiyalı yarımmüdafiəçi Mario Marina çıxış edib. Bura gəlməzdən əvvəl onunla məsləhətləşmişdin?
  • Marinanın “Sabah”da çıxış etdiyini bilirəm. Ancaq onunla şəxsi tanışlığım yoxdur.
  • Hədəflərin nədir?
  • Əsas hədəfim baş məşqçinin verdiyi tapşırıqları tam yerinə yetirmək və komandamın qalib gəlməsi üçün var qüvvəmlə çalışmaqdır.
  • Komandada ən yaxın olduğun oyunçu kimdir? Və Azərbaycanda çıxış edən hansı futbolçunun “Sabah”a keçməsini istərdin?
  • Komandada ən yaxın dostum Saşa Stamenkoviçdir. O, mənim Bakıya və komandaya uyğunlaşmağıma çox kömək etdi. Buna görə ona minnətdaram. Kiminlə bir komandada oynamaq istərdim? “Qarabağ”ın futbolçusu Filip Ozobiçlə. O, çox yaxşı insan, istedadlı futbolçu və əsl peşəkardır.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button