“Səbail” bıçaqlanma hadisəsi ilə bağlı açıqlama yaydı
“Səbail” klubu Premyer Liqanın 20-ci turu çərçivəsində ötən gün keçirilmiş “Kəpəz”lə oyunda baş verən insidentlə bağlı açıqlama yayıb.
Komanda.az xəbər verir ki, “dənizçilər”in sosial şəbəkə hesabındakı açıqlamada bunlar qeyd olunub:
“Yanvarın 31-də keçirilmiş “Səbail” – “Kəpəz” qarşılaşması zamanı “ASCO Arena”nın yaxınlığındakı ərazidə “Kəpəz” klubunun azarkeşinin xəsarət alması ilə nəticələnən hadisə bizi çox məyus etdi. “Səbail” PFK olaraq bu kimi halların yolverilməz olduğunu bildirir, aqressiv davranışları qətiyyətlə pisləyirik. Xəsarət alan azarkeşə şəfa diləyir, tezliklə sağlamlığına qovuşmasını arzulayırıq”.
Xatırladaq ki, bu matçın fasiləsində “Səbail”in azarkeşlərindən biri “Kəpəz”in Rahib adlı azarkeşini bıçaqlayıb. Bıçaqlanan azarkeş xəstəxanaya çatdırılıb və əməliyyat olunub, həyatı təhlükəsi yoxdur. Hadisəni törədən “Səbail” azarkeşi isə həbs olunub.
Bizi Facebook-da izləyin