Ronaldo və Messi olmayanda, Klopp var idi!
“Liverpul” Çempionlar Liqasının yarımfinalında “Barselona”nı 4:0 hesabıyla məğlub edərək (ilk oyun 0:3), finala vəsiqə qazanıb.
Komanda.az xəbər verir ki, “Liverpul”un finaldakı rəqibi isə bu gün keçiriləcək “Ayaks” – “Tottenhem” matçından sonra bilinəcək. Komandalar arasındakı ilk oyunda “Ayaks” minimal hesablı qələbə qazanıb.
İyunun 1-də, “Atletiko”nun stadionu “Vanda Metropolitano”da keçiriləcək final matçında 6 ildən sonra ilk dəfə Lionel Messi və Kriştiano Ronaldo iştirak etməyəcək. Ronaldonun formasını geyindiyi “Yuventus”, bu mövsüm ÇL-də mübarizəni 1/4 finalda “Ayaks”a məğlub olaraq, dayandırıb.
Çempionlar Liqasının finalı ilə bağlı başqa bir maraqlı statistika isə ondan ibarətdir ki, 2013-cü ildən bu yana ilk dəfə finalda İspaniya təmsilçisi olmayacaq. ÇL-in son 5 finalında 7 dəfə İspaniya təmsilçiləri iştirak edib.
Son dəfə Ronaldo və Messinin olmadığı ÇL finalında isə “Liverpul”un hazırkı baş məşqçisi Yurgen Klopp iştirak edib. O dövrdə Dortmund “Borussiya”sını çalışdıran alman mütəxəssis, finalda “Bavariya” ilə qarşılaşıb. ÇL-in 2013 finalında Münhen təmsilçisi 2:1 hesablı qələbə qazanıb.
Bizi Facebook-da izləyin