Roberto Bordin: “Sabah qol buraxmasaq, yaxşı olar”
“Sabah çox ciddi rəqibə qarşı oynayacağıq. “Arsenal”ın hazırda texniki və fiziki durumu yüksək səviyyədədi. Onların Rusiya Premyer Liqasında son iki oyununu izləmişik. Maraqlı oyun olacaq”.
Komanda.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin Rusiyada “Arsenal”a (Tula) qarşı keçirəcəkləri Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis bildirib ki, təyyarədə problem yarandığı üçün 6 saat yubanmaları komandaya təsir etməyəcək: “Yorğunluq bu günə təsir edə bilər. Məşqin vaxtını dəyişdik. Yüngül məşqdən sonra hazır olacağıq. Yubanmanın oyuna təsir edəcəyini düşünmürəm”.
Bordinin sözlərinə görə, əsas məqsədləri oyuna düzgün yanaşmaqdı: “Qol buraxmasaq, yaxşı olar. Ancaq rəqib çox yaxşı komandadı və əla formadadı. Qapımızı toxunulmaz saxlamaq çətin olacaq. Buradan qələbə ilə də qayıtmaq istərdim. Oyuna düzgün yanaşmağa çalışmalıyıq. Çünki cavab görüşü də var. Öz şanslarımızdan istifadə etməyə çalışacağıq. Matça hazırlaşmaq üçün kifayət qədər vaxtımız olub. “Arsenal” ilk dəfədi avrokubokda çıxış edir, stadionda ajiotaj olacaq. Matçın Tulada keçirilməsi meydan sahibləri üçün üstünlükdü. Biz də öz evimizdə üstün durumda olacağıq. “Neftçi” böyük tarixə malik klubdu. Burada gözəl oyun nümayiş etdirmək və sərfəli nəticə qazanmaq istəyirik. Sabah necə olacağını indidən deyə bilmərəm. İlk dəqiqələrdən qol buraxmaq istəmərik. Meydana uyğunlaşmaq və öz futbolumuzu sərgiləməyi düşünürük. Qol buraxsaq da, vəziyyəti dəyişmək üçün düzgün oynamalıyıq. Sabah hava şəraitinin yağışlı olmaq ehtimalına gəlincə, bu, meydançaya təsir edə bilər, taktikaya yox”. (Report)
Sabah “Arsenal” mərkəzi stadionunda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Bizi Facebook-da izləyin