“Real”ın futbolçusu hakim qarşısına çıxdı
“Real”ın futbolçusu Vinisius Junior irqçi təhqirlər işində hakim qarşısına çıxıb.
Komanda.az “El Mundo”-ya istinadən xəbər verir ki, braziliyalı futbolçu təxminən 20 dəqiqə canlı bağlantı vasitəsilə danışıb:
“Böyük futbolçu olduğum və qaradərili olduğum üçün təhqir olunuram. Bu iki şey üçün. Bəşəriyyət tarixi boyu təcavüzə məruz qalmış qaradərililərlə belə davrana bilməzlər”.
Vinisius özünü əlverişsiz vəziyyətdə hiss etdiyini təsdiqləyib və zərərçəkmiş kimi təzminatdan imtina etməyib. O, bunu öz təşəbbüsü ilə deyil, hakimin suallarını cavablandırarkən deyib.
Vinisiusun ifadəsi lakonik olub. O, qarşı tərəfin nümayəndəsinin bəzi suallarından açıq-aydın əsəbiləşib. Xüsusən də, ona deyiblər ki, o, matç zamanı “Malyorka” futbolçularını təxribata çəkib. Vinisius “Bir oyunçunu və ya hakimi təhqir etsəydim, meydandan kənarlaşdırılardım” cavabını verib.
La Liqanın 20-ci turunun fevral ayında keçirilən “Malyorka” ilə oyununda (0:1) rəqibin azarkeşlərindən biri braziliyalıya “Sən meymunsan! Sən meymunsan!” deyə, qışqırıb. Daha sonra azarkeşin kimliyi müəyyən edilib və bir neçə gün sonra o, həbs edilib.
Bizi Facebook-da izləyin