“Real” Halanddan əl çəkməyəcək
“Real”ın prezidenti Florentino Peres bu yay “Borussiya”nın (Dortmund) hücumçusu Erlinq Halandı transfer etməkdə israrlıdır.
Komanda.az AS-a istinadən xəbər verir ki, Madrid klubunun prezidenti “Barselona”ya məğlubiyyətdən (0:4) sonra əmin olub ki, əsas mərkəz hücumçusu Kərim Benzemanın yoxluğunda komandanın ciddi problemləri olur.
Benzema zədə səbəbindən “el klasiko”nu buraxmışdı.
Xəbərdə bildirilir ki, Peres, Benzema olmasa, “Real”ın əsas rəqibləri ilə matçlarda çətinlik çəkəcəyini anlayıb. Bu səbəbdən, Madrid klubu Dortmund “Borussiya”sının hücumçusunun transferində daha da fəallaşıb.
21 yaşlı Halandın Dortmund klubu ilə müqaviləsi 2024-cü il iyunun 30-na kimidir.
Haland bu mövsüm “Borussiya”da 23 oyuna çıxıb, 23 qol vurub, 6 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin