“Rapid” Bakıya itkilərlə gəlir
Avstriyanın “Rapid” (Vyana) komandasının baş məşqçisi Ferdinand Feldhofer Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri ilk oyundan öncə heyətlə bağlı üzləşdikləri problemlərdən danışıb.
Komanda.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında Patrik Qraylın Bakıda baş tutacaq oyunu buraxacağını istisna etməyib.
Onun sözlərinə görə, MRT müayinəsindən keçən avstriyalı hücumameylli yarımmüdafiəçidə ciddi zədə aşkarlanmasa da, hər şey oyunçunun vəziyyətdən asılı olacaq: “Onun daha bir neçə müayinəsi var. Görək məşqdə iştirak edə bilər, ya yox. Bundan sonra qərar verəcəyik ki, təyyarəyə minməsinin mənası varmı?”
Avstriyalı baş məşqçi digər zədəli futbolçu Martin Mormanın isə “Neftçi”yə qarşı oynamayacağının dəqiqləşdiyini söyləyib: “O, dizindən zədə alıb. 2 və ya 3 həftə, hətta daha uzun müddət yaşıl meydanlardan kənarda qala bilər”.
Avstriya təmsilçisi Bakıya avqustun 3-də yola düşəcək. “Neftçi” – “Rapid” oyunu isə avqustun 4-də “Bakcell Arena”da keçiriləcək.
Bizi Facebook-da izləyin