Rəşad Sadıqov Şeyx Nəsrullahdır?

Rəşad Ergün

Yadımdadır, Qurban Qurbanovun da Azərbaycan milli komandasının “sükanı arxasına” keçməsi üçün canfəşanlıq edənlər var idi. Milli komanda adəti üzrə, hansısa oyunda uduzandan sonra “Qurban milliyə gəlməlidir!” tələbi ilə çıxış edənlərin sayı-hesabı yox idi.

…Sonra günlərin birində AFFA rəhbərliyi nə düşündüsə, ya da hardansa tapşırıq aldısa, Qurbanovu bəh-bəhlə milli komandanın baş məşqçi postuna qoydu. Özü də elə-belə yox ha, demişdilər ki, Qurbanova uzun müddət şans veriləcək – 6 il! Heç bir il keçmədi, qovdular. Millətlər Liqasındakı uğursuzluğu da yüklədilər ölkənin ən yaxşı məşqçisinin boynuna, urvatsız şəkildə yola saldılar.

İndi də “Rəşad Sadıqov milliyə gəlməlidir!” tələbində, arzusunda bulunanların sayı-hesabı yoxdur. Niyə, qardaş? Rəşad Sadıqov İsa Məsihdir? Rəşad Sadıqov yoxdan var edəndir? Rəşad Sadıqov əlini Azərbaycan futbolunun kəkilinə sürtməklə, yeni-yeni futbolçular çıxaracaq ortaya? Rəşad Sadıqov Şeyx Nəsrullahdır ki, bu ölkənin ölü futbolunu diriltsin?

Seçim? Deyək ki, Azərbaycan futbolunun Neronu, Harunu, Sezarı olan Elxan Məmmədov Sadıqovu birtəhər öz toruna saldı, qoydu millinin baş məşqçisi. Hansı futbolçuların arasından seçim edəcək Rəşad? Ramil Şeydayev, Emil Balayev. Sonra? Lap uzaqbaşı Almaniyada ikinci dərəcəli turnirdə başını girələyən Dmitri Nazarov və Ərəbistan çöllərində ayağını sürüyən Riçard Almeyda. Başqa kim var? Heç bu cəmi adlarını çəkdiklərim də Avropada ortabab klubda oynayacaq səviyyədə deyil. Oynamaq gücündə, potensialında olsaydılar, uzaq Afrikadan tutmuş, okeanın o tayındakı Amerikaya, qulağımızın dibindəki İrana, Gürcüstana, Ermənistana qədər – hər yerdən yaxşı futbolçuları dərhal qapan skautlar çoxdan bizim ən yaxşılarımıza da tamah salmışdılar. Dünya və Avropa çempionatlarında isə ən yaxşılara qarşı oynamalısan. Anlada bildimmi?

Taktika? Ayağında gücü, sürəti, beynində futbol biliyi, ürəyində təpəri, cəsarəti olanlar üçündür taktika.

Azərbaycan futbolunun bünövrəsi yoxdur, ya da var, amma zaydır. Adamlar isə o vaxt Qurban Qurbanovdan tələb edirdilər, indi də Rəşad Sadıqovdan tələb edirlər ki, bünövrəsi zay olan bu evin damını tik. Necə? Niyə? Hansı “material”la, kiminlə, kimlərlə?

Əl çəkin Qurbanovdan da, Sadıqovdan da. Biri “Qarabağ”da başını aşağı salıb, işini görür, bu ölkənin futbolunun yükünü təkbaşına daşıyır. Digəri də hələ yaşıl meydanlardan futbolçu kimi ayağını çəkməyib. Karyerasını bitirər, hansısa klubda baş məşqçi kimi işə başlar, komandasına futbolçu seçər, legionerlərin arasından seçim edər, bir sözlə, məşqçi kimi yaradıcılıqla məşğul olar. AFFA-nın kosmosdakı kimi, sirri açılmayan “qara dəliy”ə bənzəyən qaranlıq ağzının içinə itələməyin adamı. Ya da başqa sözlə, Allah bu ölkənin futbolu üçün dəyərli olanları Azərbaycan milli komandasından və Elxan Məmmədovdan qorusun!

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button