“Rəqib məğlub olmaq istəmirdi” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 11-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Qalib gəlsək də, oyunda yaxşı dinamika oldu. Rəqib 0:3 geridə olsa da, məğlub olmaq istəmirdi. Sona qədər mübarizə apardılar. Futbolçularımı təbrik edirəm”.

Təcrübəli mütəxəsssis oyunda zədələnən Bədavi Hüseynovun durumu haqda danışıb: “Durumuna böyük ehtimalla sabah aydınlıq gələcək. Məşqdə də ağrısı var idi. Dünən hər şey qaydasında idi. Oyun epizodunda əzələsində ağrı hiss etdi. Həm özü, həm də biz risk etmək istəmədik”.

Qurbanov komandasının uzunmüddətli qələbə seriyası haqda isə bunları bildirib: “İzah edəsi bir şey yoxdur. Sadəcə, komandanı hər oyuna yaxşı motivasiya etməyə çalışırıq. Həm fiziki, həm psixoloji hazırlığını yüksək səviyyəyə gətirməyə çalışırıq. Qeyri-adi nəsə var deyə bilmərəm. Ümimi iş prosesidir. Buna dünya futbolunda olan hadisə kimi baxıram. Çox vaxt olur ki, hansısa komanda qalibiyyət seriyası yaxalayır. Biz də həmin seriyanın içindəyik. İstənilən komandanın istənilən rəqibi məğlub etmək potensialı var. Bütün komandalara ciddi yanaşırıq. Bu, o demək deyil ki, bütün oyunlarda qələbə qazanacağıq, məğlubiyyətimiz olmayacaq. Bu istəyi saxlamaq heç də asan deyil. Qalibiyyətlər üzərimizə daha çox yük qoyur”.

Qurbanov Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Nant”la (Fransa) keçiriləcək oyunla bağlı da danışıb: “Yaxşı nəticə əldə etmək istəyirik. İstənilən rəqibə qarşı minimum onların səviyyəsində oynamağa çalışırıq. Baxmayaraq ki, bizdən yüksək səviyyəli çempionatlarda çıxış edirlər. Oyunumuzu daim qorumaq mənim üçün çox vacibdir. Avropa arenasında stabil oyun göstərmək önəmlidir. Əsas məqsədim komandanı matçlara hazırlamaqdır. Ola bilər ki, heç-heçə də bizi qane etsin. Qalibiyyət daha yaxşı olar. Məğlubiyyət haqda düşünməyək. Oyunlarına baxmışam. Onların məğlubiyyətləri bizi aldada bilər. Bir neçə epizodda texniki səhvlər olur ki, bununla hamımız rastlaşmışıq. “Frayburq”a böyük hesabla uduzsalar da, çempionat matçında başqa dinamika, sürət var idi. Çox yaxşı idilər, hücum futbolu göstərdilər. Sanki bizimlə oyuna hazırlıq kimi idi. Qarşıda 4-5 gün vaxtımız var. Daha yaxından təhlil edəcəyik”.

O, Franasda mümkün təxribat barədə də danışıb: “Klub rəhbərliyi bu işlə məşğul olur. Son vaxtlar təxribatlar azalıb. Belə şeylərə fikir vermirik”.

Qurbanov Moskva “Torpedo”sunun rusiyalı baş məşqçisi Andrey Talalayevin onun yanında təcrübəyə gəlmək istəməsi ilə bağlı fikirlərinə də münasibət bildirib: “Ona təşəkkür edirəm. Nisbətən kiçik klublarda təcrübə keçmək istəyir. Nə vaxt gəlmək istəsə, problem yoxdur. Klubun işi, məşqçilərin fəaliyyəti ilə maraqlanması xoşdur. Bu, bizim məsuliyyətimizi artırır. Son vaxtlar Rusiya kanallarında ola bilsin ki, çox hallanıb. Amma bizim orada çıxış etmiş Nazim Süleymanov, Vəli Qasımov kimi futbolçularımız olub”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button