“Qəbələ” və “Kəpəz” 4 min manat cərimə olundu – Təhqirə görə
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 7-ci turunda baş verənlər müzakirə olunub və qərarlar verilib.
“Sabah” – “Turan Tovuz” oyununda qonaqların futbolçusu Şakir Seyidov birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 matçlıq cəzalanıb. O, klubunu 1600 manat xərcə salıb.
“Qəbələ” – “Sumqayıt” oyununun 83-cü dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən baş hakim təhqir edildiyi üçün klub 4000 manat cərimə olunub. Birbaşa qırmızı vərəqə alan Rövlan Muradov 2 oyun cəzalanıb və “Qəbələ”ni 1600 manat cərimələnməsinə səbəb olub.
“Səbail” – “Neftçi” matçından sonra isti su təchizatının yoxluğu və bu üzdən hakimlərin təmin olunmaması üçün meydan sahibləri 800 manat cərimələnib.
“Kəpəz” – “Şamaxı” qarşılaşmasında meydan sahiblərinin azarkeşləri tərəfindən hakimlərin ünvanına qeyri-etik və təhqiramiz ifadələr işlədildiyi üçün Gəncə təmsilçisi 4000 manat cərimə olunub. 2-ci hissədə “Şamaxı” meydana 3 dəqiqə gec daxil olduğu üçün 800 manat ödəyəcək.
Meydan sahibləri 8 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün də 800 manat cərimələnib. “Şamaxı” oyundan sonra hakimin qərarına öz etirazını bildirməsinə görə qırmızı vərəqə alan Rauf Hüseynliyə görə də 200 manat cərimələnib. Futbolçu 1 oyunluq diskvalifikasiya edilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin