Qurban Qurbanovdan transfer açıqlaması
“Ümumən pis oyun alınmadı. Məşq prosesimiz üzrə yaxşı bir hazırlıq qarşılaşması oldu. Çünki Rəşad Sadıqovla əvvəldən razılaşmışdıq ki, görüşün müddəti çox olsun və bütün futbolçular eyni yükləməni ala bilsinlər”.
Komanda.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün “Zirə”ni 4:0 hesabı ilə məğlub etdikləri yoxlama oyunu barədə danışarkən deyib.
O, matçın hər iki tərəf üçün faydalı olacağını inandığını bildirib: “Səhvlər həddindən artıq çox idi. Bu da normaldır. Çünki demək olar ki, qış fasiləsindən sonra ilk oyunumuz idi. Ümumi götürdükdə inanıram ki, hər iki tərəf üçün faydalı qarşılaşma olacaq”.
Qurbanov təlim-məşq toplanışı üçün ölkə xaricinə yollanmamalarında probleblem olmadığını qeyd edib: “Ölkə xaricinə yollanmadığımız üçün hər hansı əziyyət çəkmədik. Çünki bu müddətdə ölkə xaricində olsaydıq belə, böyük ehtimalla cəmi 1 yoxlama matçı keçirəcəkdik. İkinci oyun olsaydı da, zəif rəqiblə qarşılaşacaqdıq ki, həmin görüşü də əzəvedici heyətlə matçda kompensasiya etdik. “Zirə” çox ciddi rəqib idi. Üstünlüyümüz o oldu ki, bugünkü matçı istədiyimiz formatda keçirdik. Ölkə xaricində olsaydıq, bəlkə də bu formatda oyun keçirə bilməyəcəkdik. Rəqib razılaşmaya bilərdi. Amma burda hər şey istədiyimiz kimi alındı”.
Ağdam klubunun çalışdırıcısı 2-3 turdan sonra komandasının əvvəlki formasını bərpa edəcəyini söyləyib: “Fasilə müddəti həddindən artıq az idi. Əvvəldən də qeyd etmişdim ki, bizim futbolçulara istirahət daha çox lazım idi. Ölkə xaricinə gedib güclü rəqiblərlə 2-3 oyun keçirsəydik, bizim üçün ağır olardı. Çünki hələ tam özümüzə gəlməmişik. Çempionatda 2-3 matçdan sonra komanda tam öz oyununa qayıdacaq”.
Qurbanov Leandro Andrade üçün Çindən təklif aldıqlarını təsdiqləsə də, hələlik Andrade ilə vidalaşmaq fikrində olmadıqlarını bildirib:
“Bəli, Leandro Andradeyə görə Çindən rəsmi təklif var idi. Klub üçün də pis təklif deyildi. Lakin bizim hal-hazırda ona ehtiyacımız var. Ona görə də danışıqları maksimum çalışdıq ki saxlayaq. Hələ ki, Andrade bizim futbolçumuzdur”.
O, Aleksey Kaşukun “Qarabağ”a gəlişi və Kadi Borgesin mümkün qayıdışı ilə bağlı yayılan xəbərləri belə şərh edib: “Bizdə belə bir məlumat olmayıb. Mətbuatda yazıla bilər. Amma onların hərəsinin özünün klubu var”.
Mütəxəssis transfer çalışmalarından da söz açıb: “Danışıqlar apardığımız oyunçular var. Əfsuslar olsun ki, çətinlik çəkirik. Amma bu, bizimlə yox, qarşı tərəflə bağlı çətinlikdir. Yenə də sona kimi danışıqlarımız davam edəcək”.
Qurbanov cinah müdafiəçisi Mateus Silvanı “Zirə” ilə matçda mərkəzdə sınamasına da toxunub: “Mateusu gələcəkdə də müdafiənin mərkəzində sınamaq olar. Amma bu addımı Kevin Medina yoxdu deyə atmadıq. Medina yoxdursa, digər mərkəzi müdafiəçilərimiz var – Bəhlul, Maksim, Rahil, Bədavi… Bəzən futbolçuları dəyişik mövqedə istifadə edirik”.
Həm hücum xəttini, həm də müdafiəni gücləndirmək istədiklərini bildirən Qurban Qurbanov “Sabah”dan transfer olunan Aleksey İsayevin apadtasiyasının normal getdiyini vurğulayıb.
Qurbanov Adama Diakabi barədə də danışıb: “O, Fransada istirahətdə idi. Komandamızın üzvü olaraq qalır. Qarşıda hələ vaxt var. Ola bilər ki, Diakabinin adını Avropa Liqasının sifariş vərəqəsinə də əlavə edək”.
“Qarabağ”ın baş məşqçisi hər hansı futbolçunu icarəyə vermək barədə düşünmədiklərini də deyib.(qol.az)
Bizi Facebook-da izləyin