Qurban Qurbanov: “Yorğunluq haqda çox düşünməməliyik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Konfrans Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində Bakıda İsveçrə “Bazel”inə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Qrup mərhələsində ilk oyuna çıxacağıq. Biz həmişə qrupda oynamağı istəmişik. Bu, tam başqa turnirdir. Belə oyunlarda özümüzü yaxşı tərəfdən göstərmək istəyirik. İnanıram ki, sabah futbolçular ağıllı oyun göstərəcək. Bunu onlara güvənərək deyirəm. Belə komandaya qarşı istəkli olmaq çox vacibdir.

Son vaxtlar İsveçrə futbolu tamam fərqli səviyyəyə çatıb. Dünən “Yanq Boyz” “Mançester Yunayted”ə qalib gəlib. Bu ölkənin futbolu bizə tanışdır.

Rəqib çox sürətli futbol oynayır və müdafiədən hücuma cəld çıxır. Biz analiz edəndə hər komandanın oyun sistemini analiz edirik. Daha sonra fərdi oyunçulara keçirik. Kollektiv oyun çox vacibdir. Həm hücumda, həm də müdafiədə bir-birimizə yaxın olmalıyıq. Futbolçularımız hər futbolçuya yaxın olacaq. Kabral cərimə meydançasında daha çox təhlükəlidir. Müdafiəçilərimiz onu yaxından tanıyacaqlar. İnanıram ki, hər oyunçu üçün yaxşı diqqət ayrılacaq.

“Neftçi” ilə qarşılaşmada çox güc sərf etdik. İstəyirəm ki, bütün oyunlarımız bu səviyyədə keçsin. Oyunçular meydan amilinə görə daha çox güc sərf etməli oldu. Bu gün komandada bir az yorğunluq var. Amma hər bir halda, onların durumuna görə məşq proqramı qurmuşuq. Bizim sabah səhər də məşqimiz olacaq. Qrupdakı ilk oyunda yorğunluq haqqında çox düşünməməliyik. Bu bizim əlimizdə səbəb olmamalıdır. İllərdir ki, bu rejimdə oynayırıq. Mikrozədəli futbolçular var. Sabah komandanın tam heyətlə matça hazır olacağına inanıram.

Millinin oyunlarından sonra futbolçularda psixoloji çətinliklər yaşanır. “Qarabağ”ın futbolçuları digər komandaların oyunçularından daha çox matça çıxır. Futbolçuların nə qədər istirahət etməsi önəmlidir. Milli, çempionat və avrokubok tam başqa səviyyədir. Avrokubokda oynamayanda çempionat oyunlarına köklənmək daha asan olur. Belə amillər məni narahat edir. Psixoloji yorğunluq, fiziki yorğunluğa da gətirib çıxarır. Onlar özlərini maksimum göstərməyə çalışırlar. Bu, futbolçuların borcudur.

İbrahima Vadji son matçda yaxşı oynadı. Bu o demək deyil ki, Vadji bizim istədiyim oyunu sərgiləyib. Hər şeyi edəcəyik ki, daha yaxşı oyun göstərsin və kollektivə uyğunlaşsın. Tam fərqli çempionata gəlib. Onun fikizi gücündən və istəyindən razıyam. Bəzi komponentləri yaxşılaşdırmalıyıq. İnanıram ki, bu işguzarlıq çatışmayan cəhətləri arxada qoyacaq. Bu gün “Qarabağ”dakı bütün futbolçulara inanıram. Onlarla fərdi söhbətlərim olur”.

Sentyabrın 16-da Bakı Olimpiya Stadionunda baş tutacaq “Qarabağ” – “Bazel” matçına saat 20:45-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button