Qurban Qurbanov: “Təcrübəli futbolçular belə səhvlər etməməlidir”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 3-cü turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 2:1 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
- Həqiqətən, çox maraqlı oyun alındı. Futbolçularım alqışa layiqdir. Onları təbrik edirəm. Bir müddət futbolçular ayrı qalmışdı. Belə oynayacaqlarını düşünməzdim. Azarkeşlər də oyuna maraq qatdı, onlara da təşəkkür edirəm. Hamı üçün baxımlı oyun oldu. Düşünürəm ki, əsl futbol oldu.
- Meydana ideal heyəti buraxmışdız. Bu oyundakı fiziki yorğunluq “Bazel”lə oyunda özünü büruzə verməz?
- Fasilə olanda futbolçular öz performanslarından bir az uzaqlaşırlar. Çoxdan idi birlikdə oynamırdılar. Buna görə istədim ki, əsas heyəti meydana buraxaq. Bu oyunda futbolçular bir yerdə oynamalı və özlərini yaxşı hiss etməli idilər. Yorğunluq ola bilər, amma “Bazel”lə oyunda daha yaxşı olmalıdır.
- Görüşün son 15 dəqiqəsində müdafiədə ciddi səhvlərə yol verdiz. Bu, nə ilə bağlı idi?
- Məğlub olan komanda hücuma atılır və risk edir. Bu riskin qarşılığında bizim də yaxşı əks-hücumlarımız oldu. Təəssüf ki, dəyərləndirə bilmədik. Sonlarda gərginlik və yorğunluq olur. Maksim Medvedev və Kevin Medina zədədən qayıdıb. Boşluqlar oldu, Toral Bayramov da yorulmuşdu. O da yığmada zədə almışdı. Çatışmazlıqlar var idi. Təcrübəli futbolçular belə səhvlər etməməlidir. Belə səhvlər olanda mənim üçün sevindirici olur. Çünki bundan sonra futbolçunu ələ almaq mənim üçün daha rahat olur.
- “Bazel”lə oyunda hansı hücumçuya güvənəcəksiz?
- Bilmirəm.
- İbrahima Vadji pis təsir bağışlamadı. Sizin fikirləriniz nədir?
- Neçə ay idi hücumçu axtarırdıq. Xeyli sayda oyunçu ilə razılaşsaq da, sonda alınmamışdı. Vadji fərqli çempionatdan gəlib. Onun oynadığı komandanın oyun üslubu ilə bizimki fərqlidir. Meydanda mübarizə aparmağı sevən futbolçudur. Həvəslidir. Qarşıda ondan daha çox fayda görəcəyik. Çatışmayan cəhətləri var, onları da yaxşılaşdıracağına inanıram.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin