Qurban Qurbanov: “Təəssüf ki, alınmadı”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yerli jurnalistlərə açıqlama verib.
Komanda.az xəbər verir ki, o, Konfrans Liqasında Belçika “Gent”inə məğlubiyyətin səbəbləri barədə danışıb:
“Futbolçularımız qalib gəlmək üçün hər şeyi etdilər. Sadəcə, penaltilər seriyasında uduzduq. Futbolçularımdan razı qaldım. Dəfələrlə deyirəm ki, belə oyunlar, belə nəticələr klubun gələcəyi üçün ancaq faydalıdır. Futbol bir daha göstərdi ki, belə böyük turnirlərdə 90 dəqiqə yox, 120 dəqiqə hazır olmaq lazımdır. Neçə illərdir ki, Avropa təcrübəmiz xeyli yaxşılaşıb. Əvvəllər bir hissə oynayırdıqsa, 60-70 dəqiqəyə gücümüz çatırdısa, bu gün artıq 120 dəqiqə mübarizə aparırıq. Ən əsası, çəkinmədən, müdafiə olunmadan oynadıq. Oyunun gedişatında, bəzi dəqiqələrdə rəqib bizi üstələyirdi. Amma gələcəkdəki avrokuboklar oyunları üçün “Gent”lə matçın faydası olacaq. Sadəcə, futbolçular çox üzgündür. Oyundan sonra paltardəyişmə otağında özlərinə gələ bilmədilər. Hamı istəyirdi ki, xalqımızı, azarkeşlərimizi sevindirək. Təəssüf ki, alınmadı.
Əvvəl də demişdim ki, bu oyuna tam hazır deyildik. Həm heyət, həm də futbolçuların hazırlığı baxımından. Demişdim ki, biz bu müddətdə ayaq üstə durmalıyıq. Düzdür, bəzi futbolçularımız yavaş-yavaş öz formasını bərpa edirdi, amma belə böyük yükləmələrə, oyunlara tam hazır deyildilər. Ona görə, kimisini 45 dəqiqə, kimisini daha çox oynatdıq”.
Bakıda 1:0 hesablı qələbə qazanan “Qarabağ” eyni nəticə ilə uduzduğu cavab oyununun penaltilər seriyasında “Gent”ə yenilib – 3:5.
Bizi Facebook-da izləyin