Qurban Qurbanov: “Sabahkı oyunda ağıllı və cəsarətli olmalıyıq”
“Qarabağ” sabah UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə qarşılaşacaq.
Komanda.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun oyunöncəsi mətbuat konfransı keçirilib. Qurbanov sabahkı matça tam hazır olduqlarını bildirib:
“Oyunun mahiyyəti bəllidir. Çox vacib oyundur. Hesabda geri olsaq da, qruplara düşmək üçün böyük bir şansdır. Komandam yaxşı hazırlaşıb. Əsl final oyunu kimi hazırlaşmışıq. Rəqibi tanıyırıq. Komandama inanıram, futbolçularıma etimadım böyükdür. Bir şeyə əminəm ki biz hər bir oyuna məsuliyyətlə yanaşmışıq. Alınmayıbsa, bunu məsuliyyətlə əlaqələndirməzdim.
Oyuna qədər vaxtımız var. Biz bu matçda qalib olmaq istəyirik. Qapıçıyla bağlı sabaha kimi vaxtımız var, qərar verəcəyik. Julio Romaonun daha çox oynamayacağıyla bağlı şübhəmiz var idi. UEFA-dan yenə də yazılı kağızı istəyirdik ki, arxayın olaq.
Transferlə bağlı axtarışlar gedir. Vaxtımız az qalmasına baxmayaraq, axtarışlarımız davam edir. Yeni oyunçuya ehtiyacımız var. Alınsa, edəcəyik.
Qarşımızdakı rəqib böyük Avropa təcrübəsi olan kollektivdir. Bəzən çox istəkli olanda yana bilərək. Mütləq şəkildə təzyiq etməliyik. Səfərdə də əks-hücumlarda necə təhlükəli olduqlarını gördük. Dediyim kimi, sabahkı oyunda ağıllı və cəsarətli olmalıyıq. Səfərdəki oyun bitəndən sonra da inamım itmədi. Oyunun marağı da elə bundadır. Nəticədən asılı olmayaraq azarkeşlərimizin inanıb, güvənib gəlməri bizi sevindirir. İnanıram ki, sabahkı oyunda biz də onları sevindirəcəyik. Tam hazırıq.
Hər bir mübarizəyə hazırıq, dediyim kimi, azarkeşlər bizə güvənirsə, nəinki 90 dəqiqə, 120 dəqiqə də vuruşmağa, mübarizə aparmağa hazırıq. Çalışacağıq ki, 90 dəqiqənin sonunda məsələni həll etmiş olaq. Penaltilər seriyası sonrakı məsələdir”.
“Dinamo” – “Qarabağ” duelinin ilk qarşılaşması 3:0 hesabı ilə xorvatların qələbəsi ilə başa çatıb.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin