Qurban Qurbanov: “Özüm də bu oyuna tam hazır deyildim”
Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində “Zirə”ylə 1:1 hesablı bərabərliyə razılaşan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra mətbuat konfransı keçirib.
Komanda.az xəbər verir ki, mütəxəssis bunları deyib:
- Çətin oyun oldu. Son vaxtlar komandada həm psixoloji, həm də fiziki yorğunluq vardı. İstənilən halda, xallarımızın üstünə biri də əlavə olundu. Heyətdə dəyişikliklər etmişdik. Futbolçular çox əziyyət çəkdilər. Qalib gəlmək istəyirdik.
- Komandadakı ab-hava necədi? Komanda son 4 çempionat oyununda bir qələbə qazana bilib. Bunun səbəbi nədi?
- APOEL-lə oyundan sonra komandada psixoloji gərginlik var. Bəzən heyəti tam istədiyiniz kimi formalaşdıra bilmirik. Zədəlilərimiz olur, bunu da normal qəbul edirik. Komandanı istədiyimiz formada saxlamaq asan deyil. 3-4 gündən bir oyun keçiririk, millilərin oyunu olur. Amma düşünürəm ki, çempionatdakı nəticələrimiz də pis deyil. Mən özüm də bu oyuna tam hazır deyildim. Qarşıdakı oyunlara baxmalıyıq. Rəqiblər də bizə qarşı tam ciddi hazırlaşırlar. Hər bir halda, məni narahat edən problem zədəli futbolçularımızın çox olmasıdı. Belə olan halda, istədiyimiz kimi hazırlaşa bilmirik. Bu, hər bir komandanın qarşılaşa biləcəyi vəziyyətdi. Eniş dövrü olur.
- Necə düşünürsüz, qrup mərhələsi üçün qatar gedib, yoxsa hələ də şans var?
- Hələ bilmirik ki, qarşıda nə olacaq. Əlimizdən gələn qədər qarşıdakı oyunlara hazırlaşacağıq. Şans varsa, bundan istifadə etməyə çalışacağıq.
- Dani Kintananın, Filip Ozobiçin və Mahir Emrelinin vəziyyəti necədi?
- Dani bir həftə sonra komandaya qoşula biləcək. Ozobiç isə hələ ki, fərdi məşqlər edir. Bu il meydana çıxacağına inanmıram. Mahir fitnesdə məşqlərə başlayıb. Gələn həftənin birinci günündən fərdi məşqlərə başlaya biləcək.
- “Sevilya” ilə oyunda Kintana və Mahirin oynama şansı nə qədərdi?
- Bir problem çıxmasa, heyətdə yer alacaqlar.
Aygül Qarayeva
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin