Qurban Qurbanov: “Mənim qorxduğum budur”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Konfrans Liqasının 3-cü mərhələsinin AEL-lə (Kipr) cavab matçından əvvəl mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Qurbanov, media nümayəndələri ilə görüşdə bunları deyib:

  • Çox vacib oyundur. Hər iki komandanın düşüncəsi qələbə qazanmaqdır. Rəqibin gücünü səfərdə də gördük. Həqiqətən, topla davranmağı xoşlayan və sürətli hücuma çıxan komandadır. Heyətlərində legionerləri çoxdur. Buna baxmayaraq, biz öz doğma meydanımızda və azarkeşlərimizin qarşısında oynayacağıq. Bu, bizim üstünlüyümüzdür. Boşluq versək, cəzalandıra bilərlər. Sabahkı oyunda sona qədər diqqətli olmalıyıq. İnanıram ki, futbolçularım sabah meydanda özlərini döyüşçü, peşəkar kimi aparacaqlar.
  • İlk oyunla cavab matçı arasında hansı fərqlər olacaq?
  • Orda xoşagəlməz hallar oldu. Əlbəttə, bu, hər birimizə təsir etdi. Biz idman prinsiplərindən kənara çıxmalı deyilik. Azarkeşlərimiz oyunu səbirsizliklə gözləyirlər. Aqressiv azarkeşlərimiz var ki, rəqibə cavab vermək istəyirlər. Futbol meydanda oynanılır. Əsas olan səhv etməməyimiz, düzgün oynamağımızdır. Biz azərbaycanlı olaraq hər yerdə fərqlənmişik. Böyük səhvlərə görə böyük uğurlara imza ata bilməmişik. Biz öz mədəniyyətimizi qoruyub saxlamalıyıq. Fikrimiz oyunda olmalıdır. Meydana çıxan futbolçulardır, digər xoşagəlməz hadisələri yaşadan azarkeşlərdir. İlk matçda olan hadisələr təxribata oxşayırdı. Belə şeyləri görmüşük. Bizim böyük azarkeş kütləmiz var. İnanıram ki, sabah bizə yaxşı dəstək olacaqlar və yaxşı nəticə əldə edəcəyik.
  • Kiprdəki hadisələrin baş verməməsi üçün azarkeşlərə hansı məsləhəti verərdiz?
  • Mənim tövsiyələrimə ehtiyac yoxdur. Biz hər zaman öz mədəniyyətimizi göstərmişik. Sabah da azarkeşlərimiz bunu göstərəcək. Bəzən olur ki, bir azarkeş oyundan, bir azarkeş atışmalardan həzz alır. Özüm xoşlamıram ki, kimsə məni təhqir etsin, pis ifadələr işlətsin. Əlbəttə, təzyiqlər, fitə basmaq hər zaman olub və olmalıdır. Biz azərbaycanlı olaraq öz mədəniyyətimizi göstərməyi bacarmışıq. Sabah da bacaracağımıza inanıram. Bizim istəyimiz yaxşı nəticələrlə azarkeşlərimizi sevindirməkdir.
  • AEL tərəfdən üzrxahlıq oldumu?
  • Orda baş verən hadisələr zamanı rəqib baş məşqçi mənə yaxınlaşdı, hörmətlə danışdı. Onunla futbol haqda müzakirələrimiz oldu. Rəqibin məşqçilər korpusu tərəfindən hörmətsizlik görmədim. Rəhbərliklə bəlkə də, hansısa danışıqlar olub, bilmirəm.
  • AEL-lə matçda azarkeşlər sizdən daha çox qol gözləyir…
  • Mənim qorxduğum budur. Nəticəni azarkeşlərə görə düşünsək, yaxşı olmaz. Biz mərhələni adlamaq üçün qələbə qazanmalıyıq. Hər zaman daha çox qol vurmaq istəmişik. Bəzən işlər meydanda istədiyin kimi getmir. Təxribata görə rəqibə çox qol vurmağı düşünüb, meydana çıxsaq, rəqibi düzgün təhlil etməmiş olarıq. Bütün diqqətimiz oyunda olmalıdır. Meydandan kənarı eşitməməliyik. Bütün düşüncəmiz oyunda olmalıdır. Futbol son vaxtlar çox dəyişib. Biz idman prinsipləri ilə hərəkət etməliyik.
  • Rəqibdən futbolçularınıza qarşı hər hansı təxribat gözləyirsizmi?
  • AEL aqressiv komandadır. Kiprlilər, yunanlar aqressiv futbol oynayırlar. Təxribat baxımından yox, ümumilikdə belədirlər. Bəzi oyunçuları xüsusi aqressiv ola bilərlər. Meydanda bizim oyunçulara qarşı aqressiv davranırdılar. Ancaq inanmıram ki, hər hansı bir təxribata əl atarlar. Çünki onların Kiprdəki mədəniyyətlərini, futbola yanaşmalarını gördüm. İnanmıram ki, baş məşqçiləri belə bir tapşırıq versin.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button