Qurban Qurbanov: “Keyta ilə danışıqlar müsbət yekunlaşıb”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamaa verib.
Komanda.az xəbər verir ki, Qurbanov heyətə daha bir neçə futbolçu cəlb etmək istədiklərini bildirib:
“Heyəti tam düşündüyümüz kimi formalaşdırdığımızı desəm, yalan olar. Əlimizdəki oyunçulara daim güvənmişik. Onların performansını yaxşılaşdırmağa çalışmışıq. Bir neçə yeni futbolçu cəlb etmək, heyəti genişləndirmək planımız var. Danışıq apardığımız oyunçularla anlaşsaq, mütləq onları transfer edəcəyik”.
Baş məşqçi “Zirə”nin fransalı hücumçusu Hamidu Keytanın transferini yekunlaşdırdıqlarını əlavə edib:
“Keyta əvvəldən bizim transfer siyahımızda var idi və artıq onunla danışıqlar müsbət yekunlaşıb”.
Qurbanov 2023/2024 mövsümündə UEFA Çempionlar Liqasında uğurlu çıxış hədəflədiklərini deyib:
“Çempionlar Liqası çox ciddi turnirdir. Ötən mövsüm də ilk mərhələdən pley-offa qədər güclü rəqiblərlə qarşılaşdıq. Maraqlı oyunlarımız oldu. Bu il də turnirə ciddi hazırlaşmağa məcburuq”.
O, komandanın yay hazırlıq planının məlum olduğunu da vurğulayıb:
“İyunun 10-da Bakıda yığışacağıq və 22-də Avstriyaya səfər gözlənilir. Oradakı proqram və yoxlama görüşlərinin günləri bəllidir. Sadəcə, rəqiblər hələ məlum deyil”.
Bizi Facebook-da izləyin